Bakı. 28 avqust. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Nizami rayonunda baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. “Report”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimov güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat edib. Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib, hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapançanı təhvil verib.
R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.