​Bakı metrosunda saxlanılan Belarus vətəndaşının apellyasiya şikayətinə baxılıb

​Bakı metrosunda saxlanılan Belarus vətəndaşının apellyasiya şikayətinə baxılıb Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
4 Aprel , 2016 16:27
​Bakı metrosunda saxlanılan Belarus vətəndaşının apellyasiya şikayətinə baxılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı metrosunda saxlanılan Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevskiy barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Sergey İlyevskiyin apellyasiya şikayəti təmin edilməyib. Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, martın 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı Sergey Timofeyeviç İlyevskiy saxlanılıb.

Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, “Nikon” markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli “Sony” markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Belarus Respublikasının Azərbaycandakı səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.

Nərimanov Rayon Məhkəməsində Sergey İlyevskiy barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilib. Qərardan narazı qalan Belarus vətəndaşı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi