​Bakı küçələrində dollar satanları hansı cəzalar gözləyir?

​Bakı küçələrində dollar satanları hansı cəzalar gözləyir? Həmin şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30-70%-i miqdarında cərimə edilir
Hadisə
30 Dekabr , 2015 11:54
​Bakı küçələrində dollar satanları hansı cəzalar gözləyir?

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda dekabrın 21-də baş verən devalvasiyadan sonra Bakı şəhərinin ictimai yerlərində qanunsuz valyuta mübadiləsi həyata keçirənlərə (daha çox da ABŞ dolları satanlar) rast gəlinir. Sonuncu dəfə dünən – dekabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində-ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə, 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Bəs, qanunvericilikdə ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirənləri hansı cəzalar gözləyir?

“Report”un məlumatına görə, ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi edənlər üçün cəzalar İnzibati Xətalar Məcəlləsinin 222-ci (Valyuta tənzimi qaydalarının pozulması) maddəsində nəzərdə tutulub. Həmin maddənin ilk bəndinə əsasən, valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

Məsələn, 5 min ABŞ dolları satan şəxs həmin zaman polis əməkdaşları tərəfindən saxlanılırsa, onun üzərində ümumilikdə 10 min ABŞ dolları varsa, cərimə hansı vəsaitdən çıxılmalıdır: 5 min, yoxsa 10 min dollardan?

Vəkil Vamiq Şükür “Report”a deyib ki, bununla bağlı inzibati cəriməni tətbiq edən qurum bütün tərəfləri, o cümlədən valyuta alan və satan şəxsi, həmçinin şahidləri dinlədikdən sonra müvafiq qərar qəbul edir. Bu zaman cərimə həm satılan valyutanın, həm də onu satan şəxsin üzərindəki bütün valyuta vəsaitindən hesablana bilər.

Son xəbərlər

Orphus sistemi