Azərbaycandan məcburi çıxarılan şəxslərin sayı açıqlanıb

Azərbaycandan məcburi çıxarılan şəxslərin sayı açıqlanıb Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib
Hadisə
17 Yanvar , 2015 18:14
Azərbaycandan məcburi çıxarılan şəxslərin sayı açıqlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. “Report”un xəbərinə görə, Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki ötən il respublikanın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişi qeydə alınıb.

Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

F.Nəbiyev vurğulayıb ki, hesabat dövründə Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 91.003 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51.366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 1.859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb.

Ötən il 37.608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Əsas olduğu üçün onlardan 3.306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27.683 nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib və 6.431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12.000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları üçün 2543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təmin edilib.

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi