Azərbaycanda tapılan meyitin şəxsiyyəti 10 ildən sonra müəyyən edilib

Azərbaycanda tapılan meyitin şəxsiyyəti 10 ildən sonra müəyyən edilib Hadisədə Elçin Sadıqovun anası ittiham edilir
Hadisə
18 Mart , 2016 17:30
Azərbaycanda tapılan meyitin şəxsiyyəti 10 ildən sonra müəyyən edilib

Bakı. 18 mart. REPORT.AZ/ Vəkil Adəm Məmmədov mətbuat konfransı keçirib. "Report"un xəbərinə görə, vəkil 2005-ci ildə Bərdədə tapılan naməlum kişi meyitinin Elsevər Əliyevə məxsus olduğunu deyib.

Onun sözlərinə görə, həmin vaxt tapılan meyitin kimliyi məlum olmayıb: "Meyiti Bərdədə dəfn etdilər. On ildən sonra Məhkəmə Genetik Ekspertizası həmin meyitin Elsevər Əliyevə məxsus olmasını müəyyənləşdirib. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Düzdür, hazırda Elsevər Əliyevin atası İsmayıl Əliyevə bunu burada demək çətindir. Bu işdə bizə həmkarım Elçin Sadıqovun bacısı Gülxar Sadıqova köməklik etdi. O, öz anası Sahibə Həsənovanı Elsevər Əliyevin qətlində ittiham edib. Elsevər Əliyev yoxa çıxanda həmin vaxt fakt üzrə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb. Hazırda bu cinayət işi Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif olunmalıdır".

A.Məmmədov Azərbaycan Respublikası Baş Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna müraciət edib: "Bu işin araşdırılmasını istəyirik. Elsevər Əliyevin meyitinin tapılmasında Bakı Şəhər Prokurorluğunun müstəntiqi Kamran Məmmədovun böyük rolu oldu. Mən Baş Prokurorluqdan xahiş edirəm ki, bu işdə aparılan əməliyyat tədbirləri və tapşırıqlarını Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə etsinlər. Təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxsın. Bu işdə mən şər və böhtana məruz qaldım. Buna baxmayaraq, biz Elsevər Əliyevin meyitini tapdıq".

Elsevər Əliyevin atası İsmayıl Əliyev mətbuat konfransında jurnalistlərə bildirib ki, həmin vaxt oğlunun İrana keçdiyini deyiblər: "Oğlum 2003-cü ildən Sahibə Həsənova ilə xırda ticarətlə məşğul olurdu. Həm də Elsevər onunla birgə yaşayırdı. Oğlum Sahibə Həsənovanın bir neçə cinayət əməllərini bildiyi üçün onu aradan götürdülər. Elsevərin öldürülməsi planlı şəkildə olub. 2005-ci ildə isə oğlum itkin düşəndən sonra onu axtarmağa başladım. Bərdədə naməlum kişi meyti tapılandan bir müddət sonra işi Binəqədi Rayon Prokurorluğuna verdilər. Lakin işi bağladılar və bizə yalandan dedilər ki, oğlunu beynəlxalq axtarışa vermişik. Vəkil Elçin Sadıqovun bacısı Gülxar Sadıqova anasını bu işdə ittiham edib. O, yazılı şəkildə ərizə yazıb".

Cinayət işində anasının adı hallanan vəkil Elçin Sadıqov "Report"a deyib ki, bunlar şər və böhtandır: "Meyitin kimliyinin məlum olmasından da xəbərsizəm".

Son xəbərlər

Orphus sistemi