​Azərbaycanda sifarişli qətllər və basqınlar törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

​Azərbaycanda sifarişli qətllər və basqınlar törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb Xəzər Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanıb
Hadisə
7 May , 2016 10:38
​Azərbaycanda sifarişli qətllər və basqınlar törətməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanda silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən Müşfiq Rəhim oğlu Cənnətovun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. 

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Cənnətovun apellyasiya şikayəti təmin edilməyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanıb.

Qeyd edək ki, 2004-cü ildə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələrinin, Gəncə şəhər polisinin, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində 2001-2004-cü illər ərzində Azərbaycanda və Rusiya Federasiyasının ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törədən 13 nəfər həbs olunub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Kəlbəcər rayon sakini, Gəncənin Gülüstan qəsəbəsində müvəqqəti məskunlaşan Pərviz Məmmədov, Gəncə şəhər sakinləri İmran və Müşfiq Cənnətov, Vasif və Xəqani Namazov qardaşları, Rauf Qasımov, Ceyhun Qurbanov, Elnur Quliyev, Anar Kərimov, Zaur Məmmədov, Sadiq Əliyev, Anar Qarayev, Zamiq İbrahimov, Kəlbəcər rayonunda anadan olan, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Aftandil Şükürov və digərləri mütəşəkkil cinayətkar dəstə yaradaraq odlu və soyuq silahlar tətbiq etməklə bir sıra qətllər və digər ağır cinayətlər törədib.

Təqsirləndirilən şəxslərdən P.Məmmədov, İ.Cənnətov və R.Qasımov, habelə cinayətkar dəstəyə cəlb edilən Gəncə şəhər sakini A.Həsənov 2001-ci il martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti, Xankişi Ələsgərovun evinə quldurcasına basqın edib, onu və ruhi xəstə olan oğlu Yaşarı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək şəxsi əmlakını talayıb.

2002-ci il noyabrın 13-də P.Məmmədov, C.Qurbanov, İmran və Müşfiq Cənnətovlar Buzovna qəsəbəsindəki bağ evlərindən birinə də basqın edib və orada olan Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Maddi-Texniki Təchizat İdarəsinin şöbə müdiri Vaqif Qədimovu və Qıztamam Qurbanovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Cinayətin iştirakçıları V.Qədimovun evindən 41 min 500 ABŞ dolları və külli miqdarda qızıl-bəzək əşyalarını talayıb aparıb.

Dəstə üzvləri, bundan başqa, Bakı şəhərində daha bir neçə mənzilə basqın ediblər. Onlar əvvəlcədən planlaşdırdıqları kimi, evləri nəzarətdə saxlayıblar, pul və qızıl əşyalarının həmin evlərdə olmasını müəyyən etdikdən sonra öz əməllərini həyata keçiriblər.

2005-ci ilin mart ayının 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 3-nə ömürlük, 6-na isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. M.Cənnətov 13 il azadlıqdan məhrum edilib. Dəstə üzvlərindən olan Anar Cəfərli isə istintaqdan yayınaraq Rusiyada gizlənib. O, 2009-cu ilin sonlarında Azərbaycana qayıdıb və hüquq-mühafizə orqanlarına könüllü təslim olub. 2010-cu ilin mart ayının 19-da məhkəmin hökmü A.Cəfərli 14 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş polis əməkdaşı olan M.Cənnətov cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin etməyib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi