Azərbaycanda nazirliklərin 169 vəzifəli əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - SİYAHI

Azərbaycanda nazirliklərin 169 vəzifəli əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - SİYAHI Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb
Hadisə
15 Yanvar , 2016 10:17
Azərbaycanda nazirliklərin 169 vəzifəli əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - SİYAHI

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. “Report”un xəbərinə görə, tədbirdə baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 1 material isə aidiyyəti üzrə göndərilib.

Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olub.

Aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilib.

Ümumilikdə 2015-ci il ərzində Baş İdarədə müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

İntizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla əlaqədar olub.

Həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1% ödənilib.

Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5%, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27%, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2% ödənilməsi təmin edilib.

Əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanıb. Keçirilmiş 14-ü əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi