Azərbaycan FHN-in xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər

Azərbaycan FHN-in xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər FHN nümayəndə heyəti Türkiyədə səfərdə olub
Hadisə
8 Yanvar , 2015 17:18
Azərbaycan FHN-in xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti Türkiyədə səfərdə olub. "Report" xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.

Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin uyğun qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Hərbi-Dəniz Komandanlığının tərkibində olan Sualtı müdafiə təhsil müəssisəsində dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda təşkil edilən təhsil kurslarında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin təhsil alma imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

Səfərin ilk günü Türkiyə Silahlı Qüvvələrinin İstanbul Boğaz komandanı Ercüment Tatlıoğlu ilə keçirilmiş görüşdə nazirliyin nümayəndə heyətinə komandanlığın fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, bu qurum İstanbul boğazının təhlükəsizliyini həyata keçirən və dənizdə xilasetmə və digər vacib məsələlərin əlaqələndirilməsini təmin edən orqan kimi Türkiyə Silahlı Qüvvələrinin əsas komandanlıqlarından biri hesab edilir.

Komandanlığa tabe olan Xilasetmə və Sualtı komandanlığının komandanı İlhan Öcalanla keçirilən görüşdə komandanlığın suda və quruda xilasetmə əməliyyatları ilə bağlı hər il keçirdiyi kurslar barədə ətraflı təqdimat edilib. Təqdimat zamanı dalğıcların hazırlığı üçün təşkil edilən sualtı müdafiə kurslarında FHN əməkdaşlarının iştirakının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü Türkiyə Silahlı Qüvvələrinin Xilasetmə Qrup Komandanlığında komandan Kaan Erkara ilə görüş olub. Görüşdə komandanlığın fəaliyyəti və həyata keçirdiyi hazırlıq kursları barədə geniş məlumat verilib, dalğıcların suya enməsı və istifadə etdikləri avadanlıqlar nümayiş olunub.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Sualtı Müdafiə Qrup Komandanlığında komandan Mustafa Kemal Öztürklə keçirilmiş görüş zamanı partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda görülən işlərdən və istifadə edilən avadanlıqlardan bəhs edən geniş təqdimat olub.

Səfər zamanı dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin türkiyəli həmkarları ilə birgə hazırlığı barədə ilkin razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi