Baş Prokurorluq: "RFE/RL İnc"in Azərbaycan nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub

Baş Prokurorluq: "RFE/RL İnc"in Azərbaycan nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir
Hadisə
30 Dekabr , 2014 18:19
Baş Prokurorluq: RFE/RL İncin Azərbaycan nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub

Bakı. 30 dekabr. REPORT.AZ/ "İstintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən «RFE/RL İnc» (Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları korporasiyası) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub".

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Belə ki, «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına 01.01.2010-cu il tarixdən 09.12.2014-cü il tarixədək olan müddətdə "RFE/RL İnc» şirkətinin baş ofisi tərəfindən 3.555.688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189.100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib.

Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189.100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən «Fərqli düşüncə» adlı jurnalın pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.

Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müxbiri Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, nümayəndəliyin maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında «Azadlıq» radiosunun «Oxu zalı» layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş cəmi 3.675 manat pul vəsaitinin yalnız 900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2.775 manat pulu Yəhya Mirzəyev özünə götürüb.

Nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu da ifadəsində göstərib ki, 2012-ci ilin noyabr ayında «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1.130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb, qalan məbləği gətirib ona verməyi təklif etmiş, bu barədə heç kimə məlumat verməməyi tapşırmışdır. Onun göstərişi əsasında 2012-ci ilin dekabr ayından 2013-cü ilin iyun ayı da daxil olmaqla hər ay xidmət haqqı adı ilə bank hesabına köçürülmüş cəmi 7.910 manat pulun hamısını bankdan nağdlaşdırıb çıxardıqdan sonra, yalnız 2.900 manatını özünə götürmüş, 5.010 manat məbləğində pulu isə maliyyə meneceri Yəhya Mirzəyevə verib. 2013-cü ilin iyun ayında şəffaf xidmət haqqı müəyyən edilməyən yerdə işləmək istəmədiyi üçün işdən çıxıb.

Beləliklə, həyata keçirilmiş istintaq hərəkətləri ilə «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə meneceri vəzifəsində işləyən Mirzəyev Yəhya Hidayət oğlunun qulluq səlahiyyətlərindən tamah məqsədi ilə sui-istifadə edərək vəzifə saxtakarlığı ilə cəmi 7.785 manat məbləğində pul vəsaitini mənimsəməsində əsaslı şübhələr mövcuddur.

Qeyd edilən məlumatların, eləcə də 2010-2014-cü illərdə «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına daxil olmuş pulların 1.944.412 manatının işçilərə aylıq əmək haqqı, 1.422.176 manatının isə görülmüş işlərin və göstərilmiş xidmətlərin haqqı adı ilə 61 nəfər fiziki və 25 hüquqi şəxsə bank köçürməsi vasitəsi ilə məxaric edilməsinin araşdırılması istiqamətində yerinə yetirilmiş ilkin istintaq tədbirləri ilə Nümayəndəliyin əsasnaməsinin 4-cü bəndində qurumun Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan fəaliyyətlə məşğul olması, 6.2 maddəsində isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında lazımi qaydada uçot aparmalı və müvafiq dövlət orqanlarına hesabat verməli olduğunun nəzərdə tutulmasına baxmayaraq, nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının bir sıra qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif edilmiş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə xidmət haqqı adı ilə çoxsaylı fiziki və hüquqi şəxslərə bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi, həmçinin jurnalistlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində bir illik akkreditasiya müddətləri tamamlansa da, akkreditə müddətinin uzadılmaması müəyyən edilib.

Şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 dekabr 2014-cü il tarixli qərarı ilə «RFE/RL İnc» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, eləcə də onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil edilmiş, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə nümayəndəliyin «Azərbaycan Beynəlxalq Bankı» ASC-də yerləşən bank hesabları üzrə əməliyyatlar müvəqqəti dayandırılmışdır. Yoxlamanın ilkin nəticələri nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən yayındırılmasında şübhələnməyə əsas verir.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir.

Son xəbərlər

Orphus sistemi