Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib
Hadisə
20 May , 2016 12:59
Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Elxan Hacıyev, Məzahir Əsgərov, Qurban Hacıyev, Müşviq Mikayılzadə, Nemət Mirzəyev, Ramiz Əmiraslanzadə ifadə verib.

"Bakı Nəqliyyat Sərnişindaşıma və Yükdaşıma" MMC-nin keçmiş rəhbəri olan E.Hacıyev ifadəsində bildirib ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsindən onların şirkətinə sürücülərin siyahısı göndərilib: "Həmin siyahıda Vəli Əhmədovun da adı qeyd edilmişdi. Biz həmin sürücülərlə əmək müqaviləsi bağladıq. Təqsirləndirilən şəxs Fərid Əmiraslanov bizim idarənin əməkdaşı olmayıb".

E.Hacıyev ilkin ifadəsində siyahılarla bağlı F.Əmiraslanovun məşğul olduğunu deyib. Lakin məhkəmədə verdiyi ifadədə isə siyahılarla F.Əmiraslanovun məğul olmadığını bildirib.

M.Əsgərov keçmiş polis əməkdaşı olduğunu, hadisədən sonra həmin anın videogörüntüsünə baxdığını deyib.

Nəqliyyat Nazirliyinin əməkdaşı olan Q.Hacıyev I Avropa Oyunları zamanı Xüsusi Dövlət Xidməti tərəfindən nazirliyə rəsmi məktub daxil olduğunu bildirib: "Biz də bu haqda icraçılara məlumat verdik".

Nərimanov Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin keçmiş təhqiqatçısı vəzifəsində çalışmış M.Mikayılzadə hadisə anının videogörüntüsünü Nemət adlı tanışının göndərdiyini vurğulayıb: "Mən də həmin videogörüntünü maraq üçün dostum Etibara göndərdim. Buna görə də məni polis vəzifəsindən xaric etdilər. Hazırda Türkiyədə təhsil alıram".

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi