Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib "Sürücü Vəli Əhmədov yerində donub qalmışdı..."
Hadisə
13 May , 2016 11:45
Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Həmid Həmidov, Samir Məmmədov, Piri Musayev, Vüsal Məmmədov, Samir Ağasıyev, Kamran Əhmədov, Elbrus Quliyev ifadə verib.

H.Həmidov ifadəsində jurnalist kimi çalışdığı saytın e-mailinə hadisə anının videogörüntüsünün gəldiyini deyib: "Həmin videonu da saytda yaydım. Lakin kim tərəfindən e-mailə göndərildiyini bilmirəm. Təqsirləndirilən Elçin Salamovu isə tanımıram".

S.Məmmədov bildirib ki, həmin videonu ona iş yoldaşı Vüsal Məmmədov göndərib: "Videonu Vüsala da qrup yoldaşı göndərmişdi. Video maraqlı gəldiyi üçün mən də onu Həmid Həmidova göndərdim. Həmin video monitordan çəkilmişdi".

P.Musayev hadisə anının videogörüntüsünü Ramin adlı otaq yoldaşı whatsapp vasitəsi ilə ona göndərdiyini deyib: "Mən də həmin videonu dostum Fariz Salmanova göndərdim. Məqsədim həmin görüntüyə dostumun da baxması olub".

V.Məmmədov və digər şahidlər də ifadəsində həmin görüntünü dostlarının onlara "Whatsapp"la göndərdiyini bildirib.

Polis əməkdaşı olan E.Quliyev V.Əhmədovun qəza törətdiyi zaman avtobusda olduğunu deyib: "Birinci dəfə gedəndə avtobusda problem yox idi. İkinci çıxışda avtobus yerindən yaxşı tərpənmədi. Daha sonra avtobusun sürəti artdı. Dönmə məntəqəsində avtobus əvvəl səkiyə dəydi, sonra həmin atletləri vurdu. Avtobusun içərisində olan ukraynalı atletlər hadisə zamanı qorxularından qışqırdılar. Hadisədən sonra avtobusun qapısını güclə açdım. Sürücü Vəli Əhmədov yerində donub qalmışdı".

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi