Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlayan 1979-cu il təvəllüdlü Təhmasib Saleh oğlu Mirzəyev barədə hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprel ayının 9-da Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 8-ci mikrorayon ərazisində “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb. İlkin məlumata görə, Nigar Mirzəyevaya həyat yoldaşı Təhmasib Mirzəyev yaşadıqları mənzildə mübahisə zamanı bıçaq xəsarətləri yetirib. Həyat yoldaşının öldüyünü zənn edən T.Mirzəyev bundan sonra özünü də bıçaqlayıb. Yaranan səs-küyə hadisə yerinə gələn qonşular təcili tibbi yardım çağırıblar. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralılar dərhal əməliyyat olunub. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi və 5-ci Polis Bölməsində araşdırma aparılıb.
O, Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Sentyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində T.Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.