Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Cavid Abdullayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Abdullayev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C.Abdullayev ötən il Xətai rayonunun Sarayev küçəsində apteklərdən birinə basqın edərək 100 manat pul tələb edib. Bu zaman satıcı polisə xəbər verib. C.Abdullayev hadisə yerindən uzaqlaşıb. O, Xətai Rayon Polis İdarəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Məlum olub ki, C.Abdullayev aptekə basqın edərkən saxta tapanca ilə satıcını hədələyib. Onun üzərinə baxış zamanı bıçaq aşkarlanıb. C.Abdullayev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 228-ci (qanunsuz olaraq soyuq və odlu silah) maddələri ilə ittiham edilib.