​ANAMA təmas xəttində yerləşən kəndlərdə 32 partlamış sursat aşkar edib

​ANAMA təmas xəttində yerləşən kəndlərdə 32 partlamış sursat aşkar edib Ümumilikdə 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi yoxlanılıb
Hadisə
19 Aprel , 2016 20:42
​ANAMA təmas xəttində yerləşən kəndlərdə 32 partlamış sursat aşkar edib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

"Report"un xəbərinə görə, Tərtər rayonunun Qaradağlı və Qapanlı kəndlərində ümumilikdə 6 ev və həyətyanı sahə, 13 partlayış yeri və 21 600 kv.m. ərazi yoxlanılıb, 14 partlamış sursat aşkar edilib.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 4 ev və həyətyanı sahə, 4 partlayış yeri və 480 kv.m ərazi yoxlanılıb, 4 partlamış sursat aşkar edilib.

Həmçinin Füzuli rayonunun Horadiz şəhərində 11 partlayış yeri və 2 970 kv.m ərazi yoxlanılıb, 11 partlamış sursat aşkar edilib.

Eyni zamanda Ağdam rayonunun Evoğlu kəndi və Təzəkənddə 3 əkin sahəsi, 4 partlayış yeri və 8 700 kv.m ərazi yoxlanılıb, 4 partlamış sursat aşkar edilib.

19 aprel 2016-cı il tarixində agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, 07-19 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi