Bakı. 10 may. REPORT.AZ/ Bu ilin aprel ayında 7 412 514 kv. metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Bu barədə "Report"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Məlumata görə, 1 707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1 722 ədəd mina və PHS zərərsizləşdirilib.
Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 327 855 880 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718 029-dur.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.
Aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.