​AMAY ticarət mərkəzinin sahibi yenidən Ali Məhkəməyə müraciət edib

​AMAY ticarət mərkəzinin sahibi yenidən Ali Məhkəməyə müraciət edib İşə iyunun 1-də baxılacaq
Hadisə
18 May , 2016 15:35
​AMAY ticarət mərkəzinin sahibi yenidən Ali Məhkəməyə müraciət edib

Bakı. 18 may. REPORT.AZ/ Dələduzluqda və mənimsəmədə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsində olan hökmdən yenidən kassasiya şikayəti verib.

Bu barədə "Report"a A.Abdullayevin vəkili Şahin Rəfiyev bildirib.

Vəkilin sözlərinə görə, işə Ali Məhkəmədə iyunun 1-də baxılacaq.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev kassasiya şikayətini geri götürürdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi