Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2 Ağstafa rayonunda sexlərdən birində bədbəxt hadisə baş verib, ölənlər var.
Hadisə
22 Aprel , 2023 22:46
Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq aparılır.

21:42

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Ağstafa rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:15

Ağstafa rayonunda kömür sexində partlayış baş verib, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi