​Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

​Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hadisə
3 Avqust , 2016 16:31
​Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

Bakı. 3 avqust. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamış hərbi sursatların qalıqları aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 8 min kv.m ərazi yoxlanılıb.

Həmçinin, Tərtər rayonunun Həsənqaya kəndində yolda 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 4 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Ümumiyyətlə, ANAMA tərəfindən aprelin 7-dən avqustun 3-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi