Abşeronda baş verən partlayış zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Abşeronda baş verən partlayış zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb - YENİLƏNİB Araşdırma zamanı evin qaz xətlərində heç bir problem aşkarlanmayıb
Hadisə
27 Dekabr , 2014 12:56
Abşeronda baş verən partlayış zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 27 dekabr. REPORT.AZ/ Abşeron rayonu Fatmayı qəsəbəsində baş verən partlayış zamanı  xəsarət alanların sayı 5 nəfərə çatıb. Bu barədə "Report"a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, partlayış zamanı ev sahibi Fərasət Kərimov həyətdə olduğundan  xəsarət almayıb.  Amma hadisə zamanı ev sahibinin həyat yoldaşı 1969-cu il təvəllüdlü Sədaqət Kərimova, ailənin böyük oğlu 1989-cu il təvəllüdlü Məhərrəm Kərimov, ailənin kiçik oğlu 1999-cu il təvəllüdlü Uğur Kərimov, həmçinin ev sahibinin gəlini 1989-cu il təvəllüdlü Aytəkin Kərimova və nəvəsi 2011-ci il təvəllüdlü Məhəmməd Kərimov xəsarət alıblar. Yaralılar 5 Saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzinə yerləşdiriliblər.

Hadisə isə səhər saatlarında evin böyük oğlu Məhərrəm Kərimovun birinci mərtəbədə yerləşən qarajda olan avtomobilin mühərrikini işə salan zaman baş verib. Hadisə yerində olan Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşları evin daxili qaz xətlərində problemin olmadığını bildiriblər. Mənbəyi məlum olmayan qazın evə hansı yolla sızmasını araşdırmaq üçün  Fövqəladə Hallar Nazirliyi və Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb.   

Son xəbərlər

Orphus sistemi