Bakı. 23 noyabr. REPORT.AZ/ “Oyun gərgin keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra açıq futbol sərgiləməyə başladıq və rəqib bundan istifadə etdi".
"Report" xəbər verir ki, bu sözləri "Neftçi"yə məğlubiyyətdən sonra (2:0) “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
O, komandasının aqressiv olmadığını, əksinə rəqibin daha aqressiv davrandığını qeyd edib:
"Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində “Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu. Heyətdə problemlərimiz var. Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara baxmayaraq, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.