​Elxan Məmmədov: "Xaqani Məmmədov işi" ilə bağlı komissiyaya 60 gün vaxt verilib

​Elxan Məmmədov: "Xaqani Məmmədov işi" ilə bağlı komissiyaya 60 gün vaxt verilib "AFFA rəhbərliyi olaraq düşündük ki, əvvəlcə araşdıraq, sonra müvafiq qərar qəbul edək"
Futbol
17 Noyabr , 2015 20:09
​Elxan Məmmədov: Xaqani Məmmədov işi ilə bağlı komissiyaya 60 gün vaxt verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ "Xaqani Məmmədov işi ilə bağlı artıq komissiya yaradılıb. Müvafiq tapşırıqlar verilib. Nəticə barədə ictimaiyyəti məlumatlandıracağıq". Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi 2001-ci il avqustun 23-də Xorvatiyada "Osiyek"lə Latviya "Dinaburq"u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin cavab görüşü zamanı 4-cü hakim funksiyasını yerinə yetirən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qonaq komandadan rüşvət təklifi almalarına dair baş hakim Asim Xudiyevi xəbərdar etməsi faktına münasibət bildirib.

O deyib ki, komissiyanın tərkibi məlum olsa da, məxfi saxlanılır: "Çünki bu məsələdə 3 şəxsdən söhbət gedir. Ona görə də məxfilik daha yaxşı olardı. Komissiya üzvlərindən yalnız AFFA və PFL rəhbərliyi xəbərdardır".

Baş katibin sözlərinə görə, komissiyaya araşdırmanın nəticələrini təqdim etməsindən ötrü 60 gün vaxt verilib: "60 gün uzun müddət deyil. Amma ola bilər ki, nəticə 30 gün sonra açıqlansın. Biz istədik ki, komissiya üzvləri nəticəni bizə yazılı bildirsinlər. Biz də hesabatı, arayışı, nəticəni ictimaiyyətə təqdim edəcəyik. AFFA rəhbərliyi olaraq düşündük ki, əvvəlcə araşdıraq, sonra müvafiq qərar qəbul edək. Söhbət uzunmüddətli yox, maksimum 60 günlük araşdırmadan gedir. Ola bilər ki, iki həftə sonra nəticə açıqlansın. Qovulma ehtimalının olduğunu deyə bilmərəm".

Qeyd edək ki, Xaqani Məmmədov məlum videoda "Asim, 15 dənə verirlər. Qonaqlar, qonaqlar" deyir. Oyun isə "Osiyek"in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Latviyadakı matç "Dinaburq"un 2:1 hesablı qələbəsi ilə yekunlaşdığı üçün Xorvatiya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.  

Son xəbərlər

Orphus sistemi