Xaqani Məmmədov: "Bu cür səhvin altında nələrsə gizlənir"

Xaqani Məmmədov: "Bu cür səhvin altında nələrsə gizlənir" "Leroy Corc ofsaydda olsaydı belə, qol qeydə alınmalı idi"
Futbol
12 Dekabr , 2014 14:24
Xaqani Məmmədov: Bu cür səhvin altında nələrsə gizlənir

Bakı. 12 dekabr. REPORT.AZ/ "Bir çoxlarında bu mübahisəli qolla bağlı müəyyən şübhələr var. Kimlərsə, nədənsə ehtiyat edir. Dünənki vurulan qol epizodunda hakimlər briqadasının komanda işinin zəif olduğu ortaya çıxdı". "Report"un məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Qarabağ" klubunun Avropa Liqası matçında İtaliya "İnter"inə vurduğu qolun sayılmaması barədə danışarkən, deyib. 

O bildirib ki, hətta Leroy Corc ofsaydda olsaydı belə, qol qeydə alınmalı idi: "Həmin epizoda 3 hakim yaxın olub. Fikir bildirilir ki, Leroy Corc oyundan kənar vəziyyətdə idi. Demək istəyirəm ki, Corc ofsaydda olsa belə, qol qeydə alınmalı idi. Ola bilər, yan xətt hakimi görməsin və səhv etsin. Ancaq əlavə hakim bu epizoda daha yaxın idi. Corc qapıçının qarşısında dayansaydı, o zaman oyundankənar vəziyyət olardı. Onun heç bir epizoda müdaxiləsi olmadı. Hətta referi məsuliyyəti öz üzərinə götürüb, qolu qeydə ala bilərdi".

X.Məmmədovun fikrincə, hakimlərin belə adi epizodda sadəcə səhvə yol verdiklərini düşünmək çətindir: "Epizod çətin olsaydı, deyərdim ki, səhv elədi. Bu çox sadə bir epizoddur. Bu cür səhvə yol verməyin altında nələrsə gizlənir. Dünənki oyunun hakim inspektoru da bildirdi ki, qol nəzərə alınmalı idi. Bununla da həmin briqadanın qiyməti aşağı olacaq və müəyyən müddətdə UEFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılacaq".

AFFA Hakimlər Komitəsinin sədri bildirib ki, oyunun vaxtından tez başa çatdırılmasına da etiraz edilə bilər: "İki halda oyun yenidən keçirilə bilər: Oyun vaxtından tez yekunlaşdıqda və sənədləri saxtalaşdırılan oyunçu olduqda. Yəni, "Qarabağ" - "İnter" matçının vaxtından tez başa çatdırılması da etiraza səbəb ola bilər. Təbii ki, digər amillər də var".

Son xəbərlər

Orphus sistemi