​Vəli Qasımov: "Cavid İmamverdiyev o qolu vursaydı, qəhrəman olacaqdı"

​Vəli Qasımov: "Cavid İmamverdiyev o qolu vursaydı, qəhrəman olacaqdı" "Ən azı qollu heç-heçə edərək, mərhələ adlamaq istəyirdik"
Futbol
22 İyul , 2016 01:20
​Vəli Qasımov: Cavid İmamverdiyev o qolu vursaydı, qəhrəman olacaqdı

Skopye. 22 iyul. REPORT.AZ/ "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Ən azı qollu heç-heçə edərək, mərhələ adlamaq istəyirdik. Amma qırmızı vərəqə planlarımıza daxil deyildi. Azlıqda qaldıqdan sonra bərabərlik qolunu vurmaq çətin idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırdıqları II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

O, daha sonra sualları cavablandırıb:

Qırmızı vərəqə epizodu barədə nə düşünürsünüz?

- Futbolda hər şey ola bilər. Məqsəd İsayevə sarı vərəqənin göstərilmə səbəbini başa düşmədim.

Dayaq yarımmüdafiəçisi mövqeyində Murad Ağayevi oynatdınız. Amma onun səhvləri…

- Bizdə seleksiya işi gedir. Hər zaman axtarışdayıq. Ehtiyatda oturanlardan 4-ü müdafiəçidir. Orta xətt oyunçumuz azdır.

Hakimlərin qərarından hansı yanlış idi?

- Bəzi qərarları mübahisəli idi. Kənardan görünürdü ki, səhvləri var.

Cavid İmamverdiyev elə vəziyyətdə qol vura bilmədi ki, bəlkə bizim birimiz olsaydıq, fərqlənərdik. Peşəkar futbolçuya nə lazımdır ki, 6 metrdən topu qapıya vura bilsin? Onun komandadan göndərilməsi realdır?

- Cavid "Neftçi"nin oyunçusudur, bizimlə müqaviləsi var. Bir səhvə görə futbolçunun üstündən xətt çəkmək olmaz. Qol epizodunda hər şeyi etdi, yalnız dəqiq zərbə vura bilmədi. Qol vursaydı, mərhələ adlayacaqdıq. Bu zaman İmamverdiyev bəlkə də oyunun qəhrəmanı olacaqdı. Amma vura bilmədi. Ümumiyyətlə, qol vəziyyətlərindən yararlana bilmədik.

Sizə elə gəlmirmi ki, cütün müqəddəratı ilk oyunda həll olunmuşdu?

- Mən bu fikirlə tam razı deyiləm. Bakıdakı oyunda hər iki komanda qol buraxmamağa çalışırdı. Burada da əsas məqsədimiz bu idi. Lakin ilk yarıda qapımızı toxunulmaz saxlaya bilmədik. Fasilədən sonra irəli atıldıq. Hətta Şikovun qovulmasından sonra da riskə getdik.

Son xəbərlər

Orphus sistemi