​Vaqif Sadıqov: "Ramin Musayevlə legioner limitini də müzakirə etdik" - MÜSAHİBƏ

​Vaqif Sadıqov: "Ramin Musayevlə legioner limitini də müzakirə etdik" - MÜSAHİBƏ "Məqsədimiz klubları nəzarətdə saxlamaqdır"
Futbol
6 Yanvar , 2015 15:53
​Vaqif Sadıqov: Ramin Musayevlə legioner limitini də müzakirə etdik - MÜSAHİBƏ

Bakı. 6 yanvar. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun "Report"a müsahibəsi

- Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevlə görüşmüsünüz. Görüşdə hansı məsələlər müzakirə olundu?

- Belə qərara gəldik ki, bu cür görüşlər tez-tez olsun, müzakirələr aparaq, ortaq məxrəcə gələk, peşəkarların tövsiyəsi ilə milli çempionatın səviyyəsini artırmaq üçün əlimizdən gələni edək. Bundan başqa, komitəmizin üzvü Şahin Diniyevə Qranatkin turnirində millimizin 2 oyununu izləyib hesabat göndərməsini təklif etmişik. 19 yaşlılardan ibarət milli komandanın qrupdan lider kimi çıxaraq, 6 ən güclü komanda sırasında yer alması sevindirici haldır. Əsasən bunlar müzakirə olundu. İşimizi davamlı etməyi planlaşdırırıq. PFL rəhbəri ilə çox səmimi söhbət oldu.

- PFL prezidenti ilə legioner limitinə dair hər hansı müzakirələr oldumu?

- Bəli. Amma hələ ortaq məxrəcə gəlinmədiyindən müzakirələrin gedişini açıqlamaq istəmirik. 

- Rusiya Futbol İttifaqının (RFİ) ardından Türkiyə Futbol Federasiyası (TFF) da növbəti mövsümdən legioner limitinin dəyişdirilməsinə qərar verdi. Artıq komandalar 11 legionerlə meydana çıxa biləcəklər...

- Bəli, bundan xəbərimiz var. Türkiyədə, Rusiyada olan dəyişikliklərdən məlumatlıyıq və bunları da müzakirə etmişik. Hesab edirəm ki, Avropada sayılan ölkələrdən geridə qalmamalıyıq. Dəyişikliklərə əl atmalıyıq, ancaq bunlar davamlı və vahid bir sistemdə olmalıdır. Türkiyəyə bir yerdə yollanacağıq və müzakirələr orada da davam edəcək. Qayıdandan sonra da görüş olacaq. Ümumi məxrəcə gəldikdən sonra nəsə açıqlama verə bilərik.

- Necə düşünürsünüz, analoji limit Azərbaycan Premyer Liqasında da tətbiq oluna bilərmi?

- Hesab edirəm ki, 11 legioner olmasa da, Türkiyə, Rusiya və digərlərinin sistemlərini nəzərdən keçirib, ortaq məxrəcə gəlməliyik. Bir şeyi başa düşürük ki, biz klub daxilində, milli çempionatda klublararası rəqabəti qaytarmalıyıq. Yəni biz süni olaraq kiməsə yer ayırmamalıyıq. Rəqabət olan yerdə inkişaf da olacaq. İndi fikirləşməliyik ki, rəqabət və inkişafa nail olmaq üçün nə etmək olar.

- Türkiyədə olarkən təcrübə mübadiləsi məqsədilə yerli futbol qurumunun rəsmiləri ilə görüşünüz nəzərdə tutulmayıb?

- Hələlik kiminləsə görüş nəzərdə tutulmayıb. Amma ola bilər ki, orada olsun. Məqsədimiz milli komandaların, klubların təlim-məşq toplanışını izləmək, onları nəzarət altında saxlamaqdır. Bundan sonra hesabat hazırlanacaq.

- 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi postuna təyinat niyə bu qədər gecikir?

- Bu barədə ciddi müzakirələr gedir. Bir neçə günə əsas yığmanın baş məşqçisi Robert Prosineçki ilə görüşməyə çalışacağıq. Məsələni orada da qabardacağıq. Martda rəsmi oyunlar başlayacağından çalışacağıq ki, bu məsələ tezliklə həllini tapsın.

- Hər halda komitə üzvləri digər yerli mütəxəssisləri daha yaxşı tanıyır. Amma R.Prosineçki Azərbaycana təzə gəlib və kimin nəyə qadir olduğunu bilmir. Bu vəziyyətdə onunla məsləhətləşməyiniz nə dərəcədə düzgündür?

- İstər-istəməz o, milli komandanın baş məşqçisidir və bütün yığma komandalara rəhbərlik edən biridir. Biz onunla müzakirələr aparmalıyıq. Ancaq bundan öncəki görüşlərdə Prosineçkinin təklifi o olub ki, 21 yaşlılardan ibarət milli komandanı yerli mütəxəssis çalışdırsın. Əsas odur ki, bu seçimdə səhv olmasın.

Son xəbərlər

Orphus sistemi