Bakı. 4 may. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakovun "Report"a müsahibəsi:
- Bir neçə gündür Bakıdanısınız. Şəhəri gəzmək imkanınız olub?
- Hələ ki, yox. Bu gün uşaqlar gəzintiyə çıxıb. Bir dəfə martda gəlmişəm və şəhər haqda təəssüratlarım var.
- O zaman Bakı haqda fikirləriniz maraqlı olardı...
- Həqiqətən çox pozitiv ruhlu şəhərdir. Azərbaycan mənim çox xoşuma gəlir. Üstəlik sizin şəhərdə kifayət qədər idman obyektləri var. Deyə bilərəm ki, burada gördüklərim Ukraynada yoxdur.
- İlk oyunda Almaniya ilə qarşılaşacaqsınız və rəqibə sizdən daha çox maraq göstərilir. Bu sizi psixoloji baxımdan narahat etmir?
- Xeyr heç bir narahatçılığı yoxdur. Əksinə, xoşdur.
- O zaman sürpriz gözləmək olar?
- Bizə qarşı diqqət belə azdırsa, o zaman sürpriz edəcəyik.
- Turnir haqda ümumi fikirləriniz necədir?
- Burada kimisə qeyd etmək düzgün olmaz. Bu mərhələdə olan komandaların hamısı güclüdür. Üstəlik hamısı 17 yaşlı futbolçulardır və hər şey gözləmək olar.
- Yer aldığınız qrupda hansı komandanı favorit sayırsınız?
- Bosniya və Herseqovina...
- Adını çəkdiyiniz komanda ilk dəfədir ki, bu mərhələdə çıxış edir. Cavabınız nə dərəcədə səmimi oldu?
- Bu mənim şəxsi fikrimdir. Çox yaxşı komandadır. Onlara qarşı oynamışıq və bu səbəbdən deyirəm ki, yaxşı komandadır.
- Əksər komandalar favorit olaraq Portuqaliyanın adını çəkir...
- Biz U-20 ilə dünya çempionatında olanda Portuqaliyanın hazırkı məşqçisi də orada idi və onu yaxşı tanıyıram. Onun komandası həmişə güclü olur.
- Martda gələndə komandanın hazırlıqlı olmamasından şikayətlənirdiniz. İndi necə?
- Bizdə çempionat gec başlayır. Bu səbəbdən hazırlıqda problem olurdu. Ancaq indi oyunlar oldu və Türkiyədə təlim-məşq toplanışı keçdik. Hazırda heç bir problem yoxdur.