​Tuyqun Nadirov: "Bu, Rahid Əmirquliyevin özünə etdiyi ən böyük hədiyyədir"

​Tuyqun Nadirov: "Bu, Rahid Əmirquliyevin özünə etdiyi ən böyük hədiyyədir" "Xəzər Lənkəran"ın vitse-prezidenti: "Mən qürur hissi keçirirəm"
Futbol
8 Sentyabr , 2015 15:50
​Tuyqun Nadirov: Bu, Rahid Əmirquliyevin özünə etdiyi ən böyük hədiyyədir

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Rahid Əmirquliyevin millidəki çıxışını izləyirik. Malta ilə oyunda da özünü yaxşı tərəfdən göstərdi". Bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub təmsilçisi kapitanının Azərbaycan millisindəki oyununu dəyərləndirən vitse-prezident R.Əmirquliyevin yığmada həm özünün, həm də klubunun adını yüksəltdiyini bildirib. O, futbolçunun Malta ilə son səfər oyununda (2:2) rəqib qapısından 2 top keçirməsindən danışıb: "Mən qürur hissi keçirirəm. Rahid bu oyunda "dubl" etdi. Təəssüf ki, oyun heç-heçə başa çatdı. İstər Rahid, istər Azərbaycanın digər bir futbolçusu xarici komandaya qol vuranda fəxr edirik, qürur duyuruq. Əmirquliyev milliyə layiq oyun nümayiş etdirir".

T.Nadirovun sözlərinə görə, R.Əmirquliyev bu oyunu ilə klubun kapitanlığına layiq olduğunu bir daha sübuta yetirib: "Rahid komandamızın kapitanıdır, aparıcı oyunçudur. O, öz oyunu ilə kapitanlığa layiq olduğunu sübut edir. Ən əsası odur ki, futbolçumuz millinin şərəfini qoruyur. Bu, Rahidin özünə etdiyi ən böyük hədiyyədir".

"Xəzər Lənkəran" rəsmisi komandanın digər futbolçusu Vaqif Cavadovun "Qəbələ"yə keçidinə də münasibət bildirib: "Bu, hər iki klubun rəhbərlik və məşqçiləri səviyyəsində verdiyi qərardır. Ümid edirik ki, Vaqif "Qəbələ"yə elə-belə getməyib, yeni komandasına kömək edəcək".

Qeyd edək ki, Rahid Əmirquliyevin Xorvatiya və Malta ilə AVRO-2016-nın seçmə qrup matçları ərəfəsində - sentyabrın 1-də 26 yaşı tamam olub.

Son xəbərlər

Orphus sistemi