Bakı. 24 avqust. REPORT.AZ/ Şotlandiyanın "Seltik" futbol klubunun azarkeşləri Fələstinə yardım edəcək. "Report"un məlumatına görə, artıq azarkeşlər bununla bağlı pul da toplayıb.
Çempionlar Liqasının "pley-off" mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə Şotlandiyada keçirilmiş ilk oyunda yerli azarkeşlər Fələstin bayrağı açıblar. Bu səbəbdən, UEFA "Seltik"i 13 min funt cərimələyib. Cəzanın ardından bir araya gələn şotlandiyalı azarkeşlər bu məbləğin iki qatını toplayıb və həmin pulu fələstinli qaçqınlara verməyi qərara alıblar.
Qeyd edək ki, "Seltik" ilk oyunda 5:2 hesablı qələbə qazanıb. Cavab görüşündə Şotlandiya təmsilçisi 0:2 hesabı ilə məğlub olsa da, ümumi nəticəyə görə qrup mərhələsinə vəsiqə qazanıb.