​Şahin Diniyev: "Vanqa deyilik, Nostradamus olsaydı, ondan soruşardıq"

​Şahin Diniyev: "Vanqa deyilik, Nostradamus olsaydı, ondan soruşardıq" "Kəpəz"in baş məşqçisi qış təlim-məşq toplanışı üçün Antalyaya yollanmaq istəmir
Futbol
18 Noyabr , 2015 12:57
​Şahin Diniyev: Vanqa deyilik, Nostradamus olsaydı, ondan soruşardıq

Bakı. 18 noyabr. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu "Qarabağ"la Azərbaycan Premyer Liqasının XIII tur matçına futbolçu itkiləri ilə çıxacaq. Bu barədə "Report"a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib. 

Onun sözlərinə görə, Dario Frederiko zədəlidir, Bəxtiyar Soltanov sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. Kərim Diniyev zədədən tam sağalmayıb. Bundan başqa Azad Kərimov məşqlərə dünəndən qoşulub və onun meydana çıxıb-çıxmayacağı bilinmir. Ş.Diniyev bildirib ki, hücumçu Tural Rzayev də AZAL-la keçirilmiş yoldaşlıq görüşündə zədələnib, Budaq Nəsirovun vəziyyəti isə normallaşıb. Lakin bu futbolçuların "Qarabağ"a qarşı forma geyinib-geyinməyəcəyi dəqiq deyil: "Bizdə böyük heyət olmadığı üçün hər bir oyunçunun sıradan çıxması ciddi itkidir. Buna baxmayaraq "Kəpəz" forması ilə meydana çıxan hər bir futbolçu mübarizə aparmalıdır".

Təcrübəli mütəxəssisin sözlərinə görə, cütün favoriti Ağdam klubudur: "Qarabağ" Premyer Liqada mübarizə aparan digər 9 komandanın hamısından güclüdür. Ancaq bu, futboldur və biz vuruşmaq üçün meydana çıxacağıq. Təkcə onu deyə bilərəm ki, maraqlı oyun olacaq. Nəticəni isə əvvəlcədən deyə bilmərəm. Artıq qış fasiləsinə yaxınlaşırıq. Amma fasiləyə neçənci pillədə yollanacağımızı deyə bilmərəm. Yaxşı yerlər üçün vuruşacağıq. Nostradamus olsaydı, ondan soruşardıq. Biz Vanqa deyilik ki, nəticəni əvvəlcədən bilək. Heç bir peşəkar məşqçi əvvəlcədən nəticə deməz. Çünki futbol proqnozu sevməyən bir idman növüdür".

49 yaşlı baş məşqçi "Kəpəz"in qış fasiləsində keçirəcəyi təlim-məşq toplanışından da məlumat verib: "Hazırlıq planı təxmini bilinir. Harada, nə vaxt, nə ilə məşğul olacağımızı demək olar ki, planlaşdırmışam. Bu, mənim şəxsi planımdır. Fasilənin az olması məni düşünməyə vadar edir. Komanda yanvarın 10-da yığışırsa, çempionatın başlamasına 20 gün qalır. Bu müddətdə də həm fiziki baxımdan artırmalı, həm yoxlama oyunları keçirməli, həm də yol gedib-gəlməlisən. Bunlar isə qısa müddətdə olduğu üçün uyğunlaşmanı pozur. Bu baxımdan biz uduzacağıq. Düzü, rəhbərliyin Antalya planı var. Amma mənə elə gəlir ki, bu, komandaya mane olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu noyabrın 21-də keçiriləcək. Tofiq İsmayılov adına Suraxanı qəsəbə Stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi