Rusiya yığmasının sabiq baş məşqçisi: "Banişevski sovet futbolunda ən yaxşı hücumçu idi"

Rusiya yığmasının sabiq baş məşqçisi: "Banişevski sovet futbolunda ən yaxşı hücumçu idi" Boris İqnatyev: "Amma "Neftçi" daim güclülər dəstəsini tərk etmə təhlükəsi ilə üzləşirdi"
Futbol
18 May , 2016 09:35
Rusiya yığmasının sabiq baş məşqçisi: Banişevski sovet futbolunda ən yaxşı hücumçu idi

Bakı. 18 may. REPORT.AZ/ Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev Anatoli Banişevskini xatırlayıb. "Report"un məlumatına görə, 76 yaşlı mütəxəssis Moskva "Dinamo"sunun zəif çıxış etməsi səbəbindən İqor Denisovun yığmaya çağırılmamalı olduğuna dair iddialara münasibət bildirərkən, azərbaycanlı əfsanəvi futbolçunu yada salıb.

O, Banişevskinin çıxış etdiyi dövrün "Neftçi"sini yaxşı xatırlayır: "Komandası güclülər dəstəsindən düşmə təhlükəsi ilə üzləşirdi, özü isə sovet futbolunda ən yaxşı hücumçu idi. Belə misalları çox gətirmək olar. Komandasının çempionatdakı yeri futbolçunun yığmaya çağırılmasında rol oynamır. Denisov millidə əsas futbolçulardandır. Onun "Dinamo"da oynamama səbəbini bilmirəm".

Qeyd edək ki, Boris İqnatyev 1996 - 1998-ci illərdə Rusiya yığmasının baş məşqçisi olub. Anatoli Banişevski isə futbolçu karyerası ərzində yalnız "Neftçi"də - 1964 - 1978-ci illərdə çıxış edib. "Ağ-qaralar" 1966-cı il SSRİ çempionatında bürünc medal qazansalar da, əksərən, çempionatı aşağı pillələrdə başa vurublar. Aldığı çoxsaylı təkliflərə baxmayaraq, Banişevski komandanı tərk etməyib. O, 1997-ci il dekabrın 10-da Bakıda dünyasını dəyişib.  

Son xəbərlər

Orphus sistemi