Rusiya milli komandasının futbolçuları arasında yumruq davası olub

Rusiya milli komandasının futbolçuları arasında yumruq davası olub Pavel Mamayevin qaşı Roman Şirokovun zərbəsindən sonra partlayıb
Futbol
27 İyun , 2016 16:54
Rusiya milli komandasının futbolçuları arasında yumruq davası olub

Bakı. 27 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə Avropa çempionatı vaxtı Rusiya milli komandası daxilində qalmaqal baş verib. 

"Report"un "lifenews"a istinadən verdiyi məlumata görə, Slovakiyaya 1:2 hesabı ilə uduzduqları görüşdən sonra komandanın yarımmüdafiəçisi Pavel Mamayev kapitan Roman Şirokovla dalaşıb.

Hadisəyə Mamayevin baş məşqçi Leonid Slutskiyə heyət seçimi ilə əlaqədar paltardəyişmə otağında bütün komandanın yanında etirazı səbəb olub. Slutski futbolçuya sakitləşməsini və üzr istəməsini təklif edib. Lakin 28 yaşlı orta sahə oyunçusu etinasızcasına duş qəbul etməyə yollanıb.

Ertəsi gün oyunun təhlili zamanı Slutski Mamayevə bir daha bütün futbolçular qarşısında üzr istəməyi təklif edib. Futbolçu buna sərt reaksiya verib və baş məşqçini təhqir etməyə başlayıb. 45 yaşlı mütəxəssis buna dözməyərək, yarımmüdafiəçinin cavabını vermək istədikdə araya futbolçular girib. Söz savaşı bir neçə dəqiqə davam edib. Trenajor zalındakı məşq zamanı da Slutskinin peşəkarlığını şübhə altına alan ifadələr səsləndirib. Bu zaman Şirokovun əsəbləri dözməyib. O, Mamayevə yaxınlaşaraq, gözünün üstünə yumruq zərbəsi endirib. Slutskinin rəhbərliyi altında MOİK-də çıxış edən futbolçular dərhal zərərçəkmişi əhatəyə alaraq, "Sakit durmasan, daha bir zərbə alacaqsan" deyiblər.

Bundan sonra Mamayev sakitləşib və bir daha Slutskiyə toxunan söz deməyib. Komandanın açıq məşqi onun iştirakı olmadan keçib. Əvəzində baş məşqçi "Belə güclü oyunçusansa, çıx, özünü sübut et" deyərək, yarımmüdafiəçini Uelslə qrupdakı son oyuna start heyətdə buraxıb. Qarşılaşma britaniyalıların qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, Pavel Mamayev Uelslə oyunda qaşının üstü qançır halda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi