Roman Qriqorçuk: "Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq"

Roman Qriqorçuk: "Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq" "Qalib gəlmək üçün böyük istəyimiz və bacarıqlı oyunçumuz var"
Futbol
9 Dekabr , 2015 20:26
Roman Qriqorçuk: Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq

Bakı. 9 dekabr. REPORT.AZ/ "Sabahkı oyun daha çox "Krasnodar" üçün vacibdir. Onlar qrupu birinci yerdə başa vura bilər. Bizim üçün də önəmli oyundur. Biz öz gücümüzü müqayisə edəcəyik. Oyundan əvvəl hər iki rəqibin şansı bərabər olur. Bacardığımız qədər qələbə qazanmağa çalışacağıq. Mən işimi görürəm. İşimiz isə rəqibi düzgün analiz etmək və oyuna düzgün heyət çıxarmaqdır". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ı ilə keçiriləcək oyundan öncə təşkil edilmiş mətbuat konfransında "Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı baş məşqçi oyun haqda bunları bildirib: "Oyuna yanaşmamız dəyişmir. Kim hazır olsa, o da meydana çıxacaq. Qalib gəlmək üçün böyük istəyimiz və bacarıqlı oyunçumuz var. Ancaq bəzi şərtlər var. Oyunumuzu yüksək səviyyədə nümayiş etdirəcəyik və Krasnodarda olduğu kimi hakim səhvləri olmasın. Avropa Liqası ərzində xüsusi təəssüfləndirici oyun olmamışdı. Ancaq nəticələrdən narazı qalmışdım. Bəzi oyunlar vardı ki, qələbə qazana bilərdik, amma olmadı. Elə qrafiklə oynayırıq ki, çətindir və istəməzdim ki, bunu futbolçularımız eşitsin. Krasnodardakı oyunun ilk hissəsində meydan sahibləri daha yaxşı oynadı. Baxmayaraq ki, ilk qol imkanı bizdə oldu. İkinci hissədə də hesabı bərabərləşdirə bilərdik, amma sonradan oyuna girən futbolçular rəqibə əlavə güc verdi. Burada rəqibin bəzi futbolçularının fərdi ustalığı da rol oynadı".

R.Qriqorçuk oyuna azarkeş marağının olub-olmaması ilə bağlı bunları deyib: "Sabahkı oyunda nə qədər azarkeş olacağını bilmirik, amma onlar üçün meydana çıxırıq. Bu günə qədər olan dəstəyə görə hər birinə təşəkkür edirəm. Bu dəfə azarkeş sayı həmişəkindən az olsa, o deməkdir ki, biz kifayət qədər yaxşı oynamamışıq".

Baş məşqçi "Krasnodar"ın heyətində 10 nəfər güclü futbolçunun olduğunu və hücumameylli olduğunu deyib: "Onlar yaxşı futbolçulardır. Ancaq mən "Qəbələ"ni məşq etdirmək istəyirəm".

"Avropa Liqasının hər bir oyunu bizim üçün test idi. Ancaq kimin bu sınaqdan keçib-keçməyəcəyini deyə bilmərəm. Bunu mövsümün sonunda görəcəyik. Bizim ölkə çempionatında keçirdiyimiz oyunların bəzilərində komanda yaxşı çıxış etsə də, nəticə olmadı. Belə olanda biz uğursuzluq zolağında olduğumuzu deyə bilmərik. Sonuncu çempionat oyununda deməzdim ki, yaxşı oynadıq. Amma nəticə qazandıq. Avropa Liqasına yeni başlasaydıq, oyun cədvəlini dəyişərdim. Bəzi əsas heyət oyunçularımız vardı ki, onları əvəz etmək çox çətin idi. Ancaq zədə səbəbindən oynaya bilmədilər" - baş məşqçi bildirib.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi