​Robert Prosineçki Zidanın təyinatından danışıb

​Robert Prosineçki Zidanın təyinatından danışıb O, "Real Madrid"in bu addımını doğru addım saydığını bildirib
Futbol
6 Yanvar , 2016 10:59
​Robert Prosineçki Zidanın təyinatından danışıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Zinəddin Zidanın İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyinatına münasibət bildirib. "Report"un məlumatına görə, "goal.com"a danışan xorvatiyalı mütəxəssis Rafael Benitesin azarkeşlər və ictimaiyyət tərəfindən qəbul edilmədiyini açıqlayıb.

O deyib ki, məhz bu səbəbdən Benites "Santyaqo Bernabeu"da arzuedilən qonaq sayılmayıb: "Düzü, dəyişiklikdən dünən səhər mətbuatı izləyərkən xəbər tutdum. Bir neçə həftə idi ki, təzyiqlər vardı və nələrisə dəyişmək lazım gəlirdi. Belə olan halda ilk seçim baş məşqçi üzərində olur. İndi həmin posta klubun həqiqi əfsanəsi, dünyanın ən yaxşı oyunçularından biri gəlib".

Fransalının təyinatını doğru addım hesab edən 47 yaşlı mütəxəssis bununla "Real Madrid"də müsbət dəyişikliklərin olacağını qeyd edib: "Barselona" ölkə çempionluğu uğrunda mübarizədə favoritdir. Ancaq Zidan da nələrsə etməyə çalışacaq. O, klubun əsgəridir. Zidan klubun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi olub və uğur qazanıb. O, klub tərəfindən qəbul olunur. Benitesdən fərqli olaraq, Zidanın futbolçu və azarkeşlərə problemi olmayacaq. O, ictimaiyyət tərəfindən asanlıqla qəbul olunacaq".

Bir vaxtlar futbolçu kimi "Real Madrid" (1991-1994) formasını geyinmiş Prosineçki Madrid klubunda olan xorvatiyalı futbolçular haqda da danışıb. O, Luka Modriç və Mateo Kovaçiç haqda bunları deyib: "Sözsüz ki, Zidan hücum futbolu quracaq. Bu, sadəcə, onun qanındadır. Bəzən "Real Madrid"ə qələbə kifayət etmir, cəlbedici oyun göstərmək lazımdır. Mən bir neçə il orada olmuşam və "Santyaqo Bernabeu"nun izdihamına bələdəm. Sözsüz ki, Modriç və Kovaçiç Zidanla oynamağa zaman tapacaq. Burada heç bir problem yoxdur".

Qeyd edək ki, Zinəddin Zidanla 2018-ci ilin iyununadək müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi