​Robert Prosineçki: "Ümid edirəm ki, Cavid yenidən futbola qayıdacaq"

​Robert Prosineçki: "Ümid edirəm ki, Cavid yenidən futbola qayıdacaq" "Ən çox razı qaldığım isə Ağabala Ramazanovdur"
Futbol
18 Noyabr , 2015 00:02
​Robert Prosineçki: Ümid edirəm ki, Cavid yenidən futbola qayıdacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ "Komandam ilk hissədə indiyədək ən yaxşı futbolunu nümayiş etdirdi. Baxmayaraq ki, səhvə yol verdik və qol buraxdıq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Moldova yığması ilə keçirilən yoldaşlıq oyunundan danışan xorvatiyalı mütəxəssis bunları bildirib:

"İkinci hissədə isə fərqli idi. Bu gün komanda yaxşı oyun göstərdi. Rəşad, Araz, Dmitri və bir neçə əsas oyunçularımız heyətdə yox idi. Özüm gənc oyunçulara şans vermişəm. Bu baxımdan bugünkü oyundan razı qaldım. Bu gün Paşayev, Rəhman, Elşən və Ürfan ilk dəfə, Ağabala isə ikinci dəfədir ki, millidə oynayır. Ən çox razı qaldığım isə Ağabaladır. O qol da vurub. Ancaq bütün oyunçular məni qane etdi. Deyə bilmərəm ki, növbəti seçmə mərhələdə yeni oyunçular görəcəyik, ya yox. Biz Namiq Ələsgərovu unutmamalıyıq. Uzun fasilədən sonra klubda məşqə başlayıb. Təəssüflər olsun, amma biz Cavid Hüseynovu da unutmamalıyıq. Ümid edirəm ki, Cavid yenidən futbola qayıdacaq. İnanıram ki, bu futbolçularla Azərbaycan güclü olacaq. İstəyirəm biz səfərə gedəndə və bizə qonaq gələndə bilsinlər ki, asan oyun olmayacaq".

R.Prosineçki Rəşad Sadıqovun yoxluğunda dayaq müdafiəçisi mövqeyində böyük problemin olduğunu deyib:

"Mən alternativ görmürəm. Həmin mövqedə istədiyim səviyyədə oyun oynamırıq. Səhv etmirəmsə, Maksim Medvedev həmin mövqedə 3-cü dəfədir ki, oynayır. Onun mövqeyi olmamasına baxmayaraq, Maksimin oyunundan razı qalmışam. Mən Tərlanı sol müdafiəçi mövqeyində görürəm və "Qarabağ"a da bu mövqe ilə gəlmişdi. "Kəpəz"in oyununu da izləmişəm və bildiyim qədər həmin mövqedə məcburiyyət qarşısında oynayır. Ona görə də Tərlan sol cinahda daha yaxşı olar. Rəşadın mövqeyini doldurmaq çətindir. Hələ də alternativ axtarıram. Amma güclü rəqibə qarşı oynadıqda, Rəşadın yoxluğu bizim üçün çox çətin olacaq".

Xorvatiyalı çalışdırıcı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Rusiya ilə keçirdiyi Avro-2017-nin seçmə qrup mərhələsindəki oyununu (3:0) izlədiyini deyib: "Almaniyaya və Avstriyaya qarşı olan oyunları da izləmişəm. Elnur Camalov, Elnur Cəfərov da orada oynayıb. U-21-in oyunu olmasa idi, hər iki futbolçu əsas yığmada çıxış edərdi. "Zirə"nin futbolçusu Adil Nağıyevi gələcəkdə dəvət edəcəyəm. Coşqun Diniyev barədə nəsə problem yaranıb, demək istəmirəm. O heç bir milliyə dəvət almayıb".

O, Rüfət Dadaşovun yenidən milliyə dəvət olunma ehtimalına belə münasibət bildirib:

"Rüfət Almaniyanın 4-cü liqasında çıxış edir. O, bu liqada bizim Premyer Liqada çıxış edənlərdən güclüdürsə, onda bizim futbolda nəsə düzgün deyil. Belədirsə, gərək mən burada işləməyim. Mən Rüfət Dadaşovu alternativ kimi görmürəm".

Qeyd edək ki, Azərbaycan - Moldova oyunu 2:1 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi