Robert Prosineçki: "Mənim oyunçularım rəqibdən qorxmur"

Robert Prosineçki: "Mənim oyunçularım rəqibdən qorxmur" "Biz bu oyuna hazırıq"
Futbol
2 Sentyabr , 2015 21:03
Robert Prosineçki: Mənim oyunçularım rəqibdən qorxmur

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Artıq 10 gündür ki, məşqlərə başlamışıq. Bilirik ki, bizi çətin oyun gözləyir. Biz bu oyuna hazırıq".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis komandanın məşq prosesindən razı qaldığını bildirib: "Biz hazırıq ki, meydana çıxıb yaxşı nəticə qazanaq".

Onun sözlərinə görə, "Qarabağ" və "Qəbələ"dən gələn futbolçuların müəyyən qədər yorğun olması onun planlarına təsir etməyəcək: "Sıx qrafik var, amma onlar peşəkar futbolçulardır. Mən şadam ki, hər iki komanda Avropa Liqasında çıxış edəcək. Bu Azərbaycan futbolu üçün çox vacibdir. Onları qarşıda böyük komandalara qarşı böyük oyunlar gözləyir".

Xorvatiyalı mütəxəssis Nurlan Novruzovu komandaya çağırmasından da danışıb: "Hər oyun öncəsi konfransda mənə Nurlanla bağlı suallar verilir. Biz sabah Modriç, Rakitiç, Mandzukiç kimi futbolçulara qarşı çıxış edəcəyik və bilirik ki, onlar hansı klubda oynayır. İlk günlərdəki toplanışda komanda tam heyətlə iştirak etmirdi. Ona görə də Nurlanı çağırıb canlı görmək istədim. Ancaq fikrim dəyişməyib".

Baş məşqçi start heyətini də açıqlayıb: "Millinin heyətində Əfranla bağlı balaca bir problem var və qərarı bugünkü məşqdən sonra verəcəyəm. Onun yüngül əzələ problemi vardı. Ümid edirik ki, qorxulu bir şey yoxdur. Bu gün səhər həkim və fizioterapevtlər onu yoxlayıb və yaxşı olduğunu deyib. Qərarı bugünkü məşqdən sonra, ən geci sabah səhər Əfranla söhbət edib, vəziyyətini öyrənəcəyəm. Kamran, Məhəmməd, Bədavi, Arif, Rəşad, Qara, Rahid, Dmitri, Ruslan olacaq. Mən burada oluram və hər bir oyunu izləyirəm. Məhəmməd Mirzəbəyov daim oynamır, ancaq sürətli və aqressiv oyunçudur. Onun qarşısında Beyç oynayacaq. Fikrimcə bu düzgün seçimdir".

Baş məşqçi Xorvatiyada qeydə alınan məğlubiyyətdən də söz açıb: "Osiyekdə oynayan başqa komanda idi. Komanda indi özünə inamı qaytarıb. Bunu Maltaya qarşı ev və Norveçə qarşı səfər oyununda sübut etmişik. Sabah çox vacib oyun olacaq. Düzdür, rəqib futbolçular güclü çempionatlarda oynayır. Ancaq mənim oyunçularım rəqibdən qorxmur".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya görüşü sabah saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi