Robert Prosineçki: "Gəlsəm, ailəmlə birgə gələcəyəm və burada qalacağıq"

Robert Prosineçki: "Gəlsəm, ailəmlə birgə gələcəyəm və burada qalacağıq" İndiyədək 4 qırmızı vərəqənin göstərildiyi belə derbi görməmişdim
Futbol
24 Noyabr , 2014 20:17
Robert Prosineçki: Gəlsəm, ailəmlə birgə gələcəyəm və burada qalacağıq

Bakı. 24 noyabr. REPORT.AZ/ "İlk yarıdan razı qaldım. Amma ikinci hissədən yox. Çünki fasilədən sonra qırmızı vərəqələr üzündən yaxşı oyun görə bilmədik. İndiyədək 4 qırmızı vərəqənin göstərildiyi belə derbi görməmişdim". "Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Robert Prosineçki "Xəzər Lənkəran" - "Neftçi" matçı barədə danışarkən deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, hələ bir neçə gün Bakıda qalacaq. Həftəsonu AFFA rəhbərliyi ilə görüşdükdən sonra qərar veriləcək: "Şərtlər barədə danışmaq istəmirəm. Gəlsəm, ailəmlə birgə gələcəyəm və burada qalacağıq".

R.Prosineçki gördüklərindən razı qaldığını, növbəti iki gün ərzində aşağı yaş qruplarından ibarət futbolçuları izlədikdən sonra "Qarabağ"ın Fransada "Sent-Etyen"lə keçirəcəyi Avropa Liqası matçını izləməyə yollanacağını bildirib.

O, Türkiyə "Kayserispor"undan fərqli olaraq, millimizi irəli aparmaq üçün əlindən gələni etməyə çalışacağını söyləyib: "Mən müqaviləni səbəbsiz yerə pozmuram. Xəbəri olanlar nəyə görə bu qərarı verdiyimi bilirlər. Aramızda bəzi problemlər oldu. Amma burada belə olmayacaq. Bütün şərtlərdə razılığa gəlsək, çalışacağam ki, Azərbaycan millisini irəli aparım".

Xorvatiya yığmasının Azərbaycan millisini 6:0 hesabı ilə məğlub etdiyi görüşə də toxunan R.Prosineçki deyib ki, futbolda belə oyunlar olur: "Həmin matçı Azərbaycan millisi İtaliya və Bolqarıstanla daha öncəki görüşlər kimi yaxşı keçirə bilmədi. Xorvatiyalı futbolçular da vurduqları bütün zərbələri qola çevirirdilər. Mən də əlimdən gələni edəcəyəm ki, bir də belə hallar təkrarlanmasın. Bilirəm ki, həmin oyunda yığmanız öz oyununu göstərə bilmədi. Rəqib də güclü idi, imkan vermədi. Amma komandanızın potensialından və nəyə qadir olmasından xəbərdaram. Çalışacağıq ki, gələcəkdə bunu göstərək".

R.Prosineçki bir daha tələsməməyi məsləhət görüb: "Bir-iki gün hövsələniz olsun. İndiyədək gördüklərimdən razıyam. Bu gün oyunu canlı izlədim, millinin bəzi futbolçularını gördüm. Tam narazı qalmadım, razıyam. Şərtlər də yaxşıdır. Şəhər də xoşuma gəldi. AFFA rəhbərliyi ilə söhbət aparmalıyıq. Bir neçə məsələni həll etməliyik. Dəqiq cavabımı biləcəksiniz".

O, oyun zamanı intizamsızlıqları üzündən qırmızı vərəqə alan millimizin oyunçuları Elnur Allahverdiyev və Əfran İsmayılovun davranışından narazı qaldığını gizlətməyib. Bununla yanaşı, mütəxəssis razı qaldığı yığma üzvlərinin olduğunu da vurğulayıb: "Bir neçə oyunçudan razı qaldım".

R.Prosineçki Fransanın paytaxtı Parisdə AFFA rəhbərliyi ilə baş tutan ilk görüşündən bir müddət sonra Bakıya gəlməsinin səbəbini isə belə izah edib: "Çünki mən özüm Bakını, yığmanın futbolçularını, çempionatın səviyyəsini canlı görmək istəyirdim. Gəldim, gördüm. Razı qalmışam. Düşünürəm ki, işimiz uğurlu alına bilər".

Son xəbərlər

Orphus sistemi