Robert Prosineçki: "Belə rəqibə qarşı bu cür futbol oynamaq çətindir"

Robert Prosineçki: "Belə rəqibə qarşı bu cür futbol oynamaq çətindir" Milli komandanın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.
Futbol
10 Oktyabr , 2015 23:28
Robert Prosineçki: Belə rəqibə qarşı bu cür futbol oynamaq çətindir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "İtaliyanı qələbə münasibəti ilə təbrik edirəm. Öz komandamı da gözəl oyun münasibətilə təbrik edirəm". "Report"un məlumatına görə, bunu milli komandanın baş məşqçisi Robert Prosineçki deyib.

AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya ilə keçirilən oyun haqda fikirlərini bildirən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədə gözəl mübarizə apardıq. Fasilədə komandaya hansı tapşırıqlar verildi və ikinci hissədə nə alınmadı?
- İlk hissədə iki səhvə yol verdik və rəqib bundan istifadə etdi. İkinci qol lazımsız səhvdən oldu. Hissənin bitməsinə 1 dəqiqə qalmış qol buraxmaq yaxşı deyil. Ancaq belə rəqibə qarşı belə futbol oynamaq çətindir. Mənə elə gəlir ki, komandam mübarizə apardı.
- Ruslan Qurbanov oyunda yaxşı təsir bağışlamadı. Olmazdı ki, Eratı meydana bir qədər tez buraxasınız?
- Bəlkə də haqlısınız. Amma deməzdim ki, Ruslan hücumda fəal deyildi, əksinə, aktiv idi. İtaliya futbolçuları bilirik ki, hansı komandada oynayır. Məncə belə futbolçulara qarşı yaxşı oynadılar. Yenə deyirəm, hər bir oyunçudan razı qalmışam. Bundan sonra bizi Bolqarıstanla çətin oyun gözləyir və fikrimizi ora yönəldirik. Nəzərə almalısınız ki, Ruslan sırf hücumçu deyil, mən məcburiyyətdən onu həmin mövqedə oynadıram.
- Rəşad Sadıqov bildirdi ki, mən düşünürdüm ki, karyeramı bitirim. Amma siz demisiniz ki, Bolqarıstanla oyunu gözləyək...
- Mən Rəşadın sözlərini təsdiqləyə bilərəm. Hər bir oyunçu ilə fərdi söhbət aparıram. Onunla bir neçə dəfə danışmışıq və demişəm ki, Bolqarıstanla oyunu gözləsin. Yüz faiz o bu tskili sonadək oynayacaq, çünki bir oyun qalıb. Seçmə mərhələdən sonra Rəşadla ətraflı söhbət edəcəyik.
- Rəşad oynamasa, onun əvəzində meydana çıxarmağa namizədiniz var?
- O, millidə davam edə bilməsə, sözsüz ki, alternativ axtarmalıyıq. Bu gün suala cavab versəm Ruslan Abışovu qeyd edə bilərəm. O, "Qəbələ"də daim oynayır. Mən 9 aydır ki, burdayam və deyərdim ki, Azərbaycanda bu səviyyədə oynayan 3 mərkəz müdafiəçisi var. Bunlar Rəşad, Bədavi və Ruslandır.
- Növbəti oyunda Bədavi olmayacaq. Bolqarıstanla oyunda Ruslan Abışov məsələsi necə olacaq?
- Bugünkü oyunda Ruslan hazır deyildi, amma Mirzəbəyov isinmə hərəkətləri edirdi və hazıd idi. Bolqarıstanla oyunda Ruslanı meydana çıxaracam.
- Bolqarıstanın baş məşqçisi bildirib ki, Azərbaycan və Xorvatiya ilə oyunda gənclərə şans verəcək. Siz Bolqarıstanla oyunda belə edəcəksiniz? Və 21 yaşadək futbolçulardan ibarə yığmanın Avstriya ilə oyunundan xəbərdarsınız?
- Gənc futbolçular 21 yaşlılarla Avstriyaya gediblər. Bir neçə mövqedə dəyişikliklər edəcəm. Bolqarıstana qarşı oyunda gənclərə şans verəcəm. Ancaq mən Bolqarıstana oyunçu yoxlamaq yox, nəticə və oyun üçün gedirəm. Nəticədən xəbərim var, milli komanda qapısından 7 cavabsız top buraxıb. Biz də 1:3 məğlub olmuşuq. İndi Yaşar müəllimin nə hiss etdiyini yaxşı bilirəm.

Son xəbərlər

Orphus sistemi