Ramin Musayev: "I Divizionda 13 komanda qalsaydı, yaxşı olardı?"

Ramin Musayev: "I Divizionda 13 komanda qalsaydı, yaxşı olardı?" "Çempionatda heç bir komandaya güzəşt olunmayacaq"
Futbol
23 Avqust , 2016 13:35
Ramin Musayev: I Divizionda 13 komanda qalsaydı, yaxşı olardı?

Bakı. 23 avqust. REPORT.AZ/ "Bir neçə ildir komandaların Premyer Liqaya gələ bilməmələri ənənə halını alıb. Bunun da səbəbi PFL və AFFA-dan yox, divizion klublarından qaynaqlanır". "Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

R.Musayev heç bir komandaya qarşı ayrı-seçkilik etməyəcəklərini bildirib: "Mövsümün sonunda elitadan 1 komanda gedəcək və 3 yenisi gələcək. Heç bir komandaya ayrı-seçkiliyimiz yoxdur. Sabah hansısa komanda deməsin ki, mən yer tutdum və nəyə görə Premyer Liqaya vəsiqə qazanmadım. Hər bir komanda bizim üçün əzizdir və klubların sponsorlarına öz minnətdarlığımı bildirirəm. "Neftçala"nın çempionatdan tamam uzaqlaşmasının əleyhinə oldum. Bizi günahkar görürlər, amma belə deyil. "Səbail" komandasının birbaşa diviziona vəsiqə qazanması hansı halda doğrudur? 13 komanda olsaydı, hər tur bir komanda dincəlməli idi. Bir komandanın artıq olması, ən azı 40 ailənin çörək yeməsidir. Bəzən deyirlər ki, qanunu pozursunuz. 13 komanda qalsaydı, yaxşı olardı? Futbolçu futbol oynamalıdır. Oynasınlar..." 

R.Musayev "Mil Muğan"a himayədarlıq edəcəyinə dair əvvəllər verdiyi açıqlamasına da aydınlıq gətirib: "İmişlidə Ulu Öndərin adına olan stadion boş idi. AFFA rəhbərliyindən xahiş etdik, bərpa işləri görüldü. "Mil-Muğan" komandası yaradıldı. Hazırkı baş məşqçi Aqil Məmmədov nəyə qadir olduğunu sübut etməlidir. Təkcə "Mil-Muğan"a yox, "Göyəzən"ə də kömək etmişəm, "Şəmkir"i də futbola qaytarmışam. "Turan Tovuz"u mən saxlamışam. Çempionatda heç bir komandaya güzəşt olunmayacaq. Şərait var, hər şey edilir. Aramızda bəzi insanlar var ki, nəyəsə gücü çatmayanda, komandaları uduzanda hakimi günahlandırır. Bu söhbətləri yığışdırmaq lazımdır. Udanda özləri udur, uduzanda mən uduzdururam?!"

Qurum rəhbəri aşağı dəstədə danışılmış oyunlarla bağlı məsələlərə də aydınlıq gətirib: "Danışılmış oyunlarla bağlı məsələ var. Rövnəq müəllim bildirib ki, bizə sübut lazım deyil, şübhə bəs edir. Bir dəfə "Şərurspor"un oyununda yazmışdılar ki, uduzacaq, amma gəldi uddu. Bizdə şər yaxmaq çox asandır".

Son xəbərlər

Orphus sistemi