Qurban Qurbanov: "Milan Baroşa daha çox diqqət ayrılacaq"

Qurban Qurbanov: "Milan Baroşa daha çox diqqət ayrılacaq" "Məni hər hansı klub yox, Azərbaycan futbolu narahat edir"
Futbol
14 Sentyabr , 2016 17:42
Qurban Qurbanov: Milan Baroşa daha çox diqqət ayrılacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Həm "Qarabağ"a, həm də "Qəbələ"yə uğurlu start arzu edirəm. Hər kəs bunu səbirsizliklə gözləyirdi. Rəqibə qarşı ən doğrusun etməyə, səhvsiz oynamağa çalışacağıq. "Slovan" qrup mərhələsi təcrübəsi olan komandadır". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" klubu ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 

- "Slovan"la oyunda AZAL-la görüşdəki start heyəti meydanda görəcəyik, yoxsa dəyişiklik ediləcək?
- Ola bilər ki, bir neçə dəyişiklik olsun. Amma elə də ciddi olmayacaq. 

- Stadion problemi komandaya nə dərəcədə təsir göstərəcək? Bu görüşlə "Qarabağ" həm azarkeş, həm də maddi baxımdan itirib...

- Fikrimcə, bu amilləri şişirtmək lazım deyil. Oyuna az vaxt qalıb və bu barədə düşünmürük. Əlimizdəki şəraitdən yararlanmağa çalışırıq. Bəzi nüanslar var ki, kənara çıxa bilmərik. Bu günə qədər narahatçılıq olub. Amma indi bütün diqqətimizi oyuna yönəltməliyik. 

- Rəqibin kapitanının zədələnməsi oyun planınız pozmadı?

- Bu komandanın seçimi çoxdur. Heç bir məşqçi əsas heyət opunçusunun yoxluğunu istəməz. Belə komandalar bu cür hallara hazırdır. Hər bir məşqçinin əlində 14-15 eyni səviyyəli futbolçu olur. Ən çox da Avropa komandalarında bu, müşahidə olunur. Onlar bizdən daha çox bu turnirlərdə iştirak edib. İnanmıram ki, bununla bağlı hansısa problemləri yaransın. Bir oyunçuya görə, nəyisə axtarsaq, çətinlik çəkərik. Onlar öz oyun üslublarından ləzzət alırlar. İlkin məqsədləri rəqibə oynamaq imkanı verməmələridir. Biz də qalib gəlmək üçün rəqibi öz oyun üslubundan uzaqlaşdırmalıyıq. Öz düşüncələrimizi meydanda yerinə yetirməyə çalışacağıq. Hər iki komanda ilk dəqiqələrdən nəticə üçün çalışacaq.

- 15 sentyabr - Bakının bolşeviklərdən azad olunduğu gündür. Futbolçularla qələbə hədiyyəsi haqda belə bir söhbət olub?

- Biz belə günlərə önəm veririk. Ancaq idmanda bir gün üçün yox, daima qələbə hədiyyə etməyə çalışırıq. Güləşçilərimiz var ki, daima ermənilərə qalib gəlir, amma olimpiadada məğlub oldu. Bu o demək deyil ki, uduzdu. Sadəcə təzyiq çox idi. Bizim hər bir uğurumuz xalqımız üçün hədiyyədir.

- "Slovan"ın heyətində Milan Baroş kimi təcrübəli oyunçu var. Bu futbolçuya qarşı hansı oyun üslüubu həyata keçiriləcək?

- Diqqət ayrılacaq. Çünki bu futbolçu topa çox yaxşı nəzarət edir. Topu asan vermir. Ümumi nəzarət olacaq. Düşüncəmdə belə bir fərdi oyun yoxdur. Ancaq hərənin öz mövqeyi var. Baroşa digər oyunçularla müqayisədə ona bir az artıq diqqət ayrılacaq.

- Artıq 3-cü ildir ki, qrup oyunlarına hazırlaşırsınız. Əvvəlki həyəcan varmı?

- İdman elə bir sahədir ki, təcrübə çox olduqca həyacan artır. Hər kəs daha artığını tələb edir. Bu səbəbdən, həyəcan artır. Təki bu səviyyədə qalaq. İşimizdə məsuliyyətli olmalıyıq. Hər bir oyunda həyacan olur. Çünki hər il Avroliqada çıxış etmək üçün ilk olaraq çempionatda qalib gəlməliyik.

- "Slovan" və "Qarabağ"ın bir-birindən üstün cəhətləri hansılardır?

- Hər komandanın öz üstünlüyü var. Fərqli komandalardır. Futbolda deyirlər ki, 20-30 yaxşı məşqçi var və tanınmış mütəxəssislərdir. Onların öz fəlsəfəsi var. Hərəsi bir turnirin qalibi olur. Amma düşüncə eynidir - qalib gəlmək. Fərq çoxdur, qalib gəlmək üçün çalışmalıyıq.

- Çexiya komandası Çempionlar Liqasına gedən yolunuzu kəsdi. Çexiyalı referi isə "Qarabağ"ı qrupdan çıxmağa qoymadı. İndi də Avropa Liqasının ilk oyununda Çexiya klubu ilə qarşılaşacaqsınız. Qisas hissi var?

- Qisas hissi yoxdur. Çexiyalı futbolçular Avropada intizam baxımından seçilən futbolçulardır. Qisas sualı çox hallarda verilir. Amma idmanda belə bir prinsip yoxdur. Bir də qarşılaşası olsaq, o zaman həmin səhvlərin təkrarlanmamasını düşünməliyik. Hakimlərə gəldikdə, biz ancaq öz oyunumuzu düşünməliyik.

- Sizə elə gəlmirmi ki, rəqibi çox ciddi qəbul edirsiniz? Bəzən bu amil zərər də verə bilər...
- Niyə də ciddi qəbul etməyək? Rəqibdən-rəqibə fərq var. Bəzən daha çox dərinə getmək, ciddi qəbul etmək lazımdır. Bəzi rəqib var ki, onları tanımaq üçün çox dərinə getməlisən. 

- "Neftçi"nin son durumu sizi narahat edirmi?
- Məni hər hansı bir klub yox, Azərbaycan futbolu narahat edir. Həmişə istəmişəm ki, komandalarımız həm daxili, həm də beynəlxalq oyunlarda uğur qazansınlar. Onlar bizim rəqibimizdir. Bizim işimiz özümüzə qiymət vermək və özümüz haqda düşünməkdir. Hər bir klubun öz idarə heyəti, rəhbəri var. Bizim fikir bildirməyimiz düzgün olmaz. Hətta böyük komandalar da belə hesabla məğlub olur. Biz də 2:6 hesabı ilə məğlub olmuşuq. Bəzən belə məğlubiyyətlərin faydası daha çox olur. Qarşıdakı oyunlara hazırlaşmaq və səhvləri təkrarlamamaq lazımdır.

- "Qarabağ"ın qrup şanslarını necə dəyərləndirirsiniz? 

- Püşkatmadan sonra fikir yarandı ki, "Qarabağ" bu qrupdan çıxmalıdır. Bu məsuliyyətdən qaçmaq deyil, ancaq bütün komandalar qrupdan çıxmaq istəyir. Ola bilər ki, bəziləri komandaları dəyərləndirmir. Ancaq nəticə üçün ən düzgününü etməyə çalışacağıq. Onlar da bizə qalib gəlmək, mərhələ adlamağa çalışırlar. Əmin edə bilərəm ki, sona qədər mübarizə aparmağa, nəticə qazanmağa çalışacağıq. 

- Stadion baxımından əziyyət çəkdiniz. "Azərsun Arena"nu standartlara cavab verən bir arena etmək üçün rəhbərliklə danışmısınız? 

- "Azərsun Arena"ya icazə verilmir. Bu stadion UEFA-nın lazım olan kateqoriyasına cavab vermir. Üstəlik, tutumu da azdır. Oyunlarımızı hələ ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyirik. 

Son xəbərlər

Orphus sistemi