​Qriqorçuk: "Növbəti mərhələdə rəqib Çempionlar Liqasından gəlmiş komanda olacaq" - FOTO

​Qriqorçuk: "Növbəti mərhələdə rəqib Çempionlar Liqasından gəlmiş komanda olacaq" - FOTO "Əlbəttə, bu, bizim üçün çətin olacaq"
Futbol
7 Avqust , 2015 02:03
​Qriqorçuk: Növbəti mərhələdə rəqib Çempionlar Liqasından gəlmiş komanda olacaq - FOTO

Bakı. 07 Avqust. REPORT.AZ/ "Azarkeşlərimizə sevinc bəxş etdik. Buna görə rəhbərlik, komanda və məşqçilər heyəti olaraq, şadıq".

"Report"un məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

Ukraynalı mütəxəssis növbəti mərhələdə Ürfan Abbasov və Cavid Hüseynovun xidmətindən yararlana bilməyəcəkləri üçün məyus olduğunu bildirib:

"Əlbəttə, bu, bizim üçün çətin olacaq. Amma ehtiyatda oyunçularımız var. Avroliqada mübarizə aparırıqsa, ehtiyat qüvvəmiz də olmalıdır. Bu da var. Üstəlik, zədəlilərimiz də qayıdır".

Qriqorçuk komanda ilə intizam mövzusunda söhbətinin olduğunu da açıqlayıb:

"Cavidi sevirəm, amma bunu anlamaq lazımdır ki, bura uşaq bağçası deyil. Biz belə hallara yol verməməliyik və bunu aradan qaldırmalıyıq. Futbolçumuzu təxribata çəksələr də, heç bir halda sarı vərəqə almaq olmazdı. Caviddən belə hərəkətinə görə narazı qaldım. Çünki onunla söhbətim olmuşdu. Bir daha da söhbət edəcəyik. Ümidvaram ki, bundan sonra öz emosiyalarına hakim ola biləcək. Onu o qədər çox istəyirəm ki, cəzalandıra bilmirəm".

Təcrübəli mütəxəssisin fikrincə, növbəti mərhələdə rəqib, çox güman ki, Çempionlar Liqasından gəlmiş komanda olacaq. Bu isə hansı ölkənin çempionu olmasına rəğmən, güclü komanda olacaq.

Qriqorçuk mətbuat konfransına qatılmayan "Apollon"dakı həmkarının hörmətsizliyə yol verdiyini vurğulayıb. O, rəqib komandanın ilk görüşdə penalti qərarına etirazının doğru olmaması ilə bağlı fikirlərinin cavab görüşündə bir daha təsdiqini tapdığını söyləyib:

"Həm ilk, həm də cavab görüşündə baş verənlər mənim dediklərimi təsdiqlədi. Hakimlər UEFA tərəfindən təyin olunurlar və yüksək səviyyəyə malikdirlər. Bugünkü penalti də, əvvəlki də qaydalara uyğun idi. Hakim üçün əsası qaydalara uyğun hərəkət etməkdir".

Baş məşqçi, həmçinin jurnalistlərə verdiyi vədini yerinə yetirib. Qələbə qazanacaqları təqdirdə mətbuat konfransına aerodrom kepka ilə gələcəyini bildirən mütəxəssis belə də edib. Baş məşqçi bildirib ki, qrupa düşsələr, yenə sürpriz edəcək: "Aerodrom kepkanı mətbuat konfranslarında daim taxacağam".

Qriqorçuk ölkəsindən gəlmiş jurnalistin sualını da cavablandırıb:

"Ukrayna bayrağı ürəyimizdədir. Növbəti mərhələdə bunu görəcəksiniz. Azərbaycan qonaqpərvər ölkədir. Burada olduğum müddətdə Azərbaycan - Ukrayna münasibətləri dostluq, mehribanlıq, xoş məcrada davam edir".

Son xəbərlər

Orphus sistemi