Bakı. 19 dekabr. REPORT.AZ/ "Qəbələ"nin həbsdə olan futbolçusu Cavid Hüseynovun üzərinə qoyulan jurnalist Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə klubun vitse-prezidenti Fariz Nəcəfov açıqlama verib.
Onun fikrincə, bu, C.Hüseynovun cinayətdə iştirakının olmadığı anlamına gəlir: "Ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və futbolçumuz geri dönəcək. Qış toplanışını da bizimlə keçəndən sonra bu, elə yeni legioner almağımıza bərabər bir şey olacaq.
Xatırladaq ki, Cavid Hüseynov avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlunun döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.