"Qəbələ"nin rəqibi Bakıya itkilərlə gəlir

"Qəbələ"nin rəqibi Bakıya itkilərlə gəlir Komandanın müdafiə xəttində problemlər yaranıb
Futbol
27 Sentyabr , 2016 12:06
Qəbələnin rəqibi Bakıya itkilərlə gəlir

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Maynts" klubu Bakıya itkilərlə gələcək. "Report"un məlumatına görə, sentyabrın 29-da keçiriləcək oyunda Almaniya təmsilçisinin bir neçə əsas üzvü meydanda olmayacaq.

Bundesliqanın V turunda "Bayer"lə oyunda zədələnən mərkəz müdafiəçisi Leon Baloqun, müdafiəçi və müdafiəyəmeyilli yarımmüdafiəçi funksiyasını yerinə yetirən Andre Ramalyo "Qəbələ" ilə oyunda forma geyinməyəcək. Futbolçular ölkə çempionatının VI turunda "Volfsburq"la görüşdə də meydana çıxmayacaq. Hazırda bərpa prosesi keçən müdafiəçi Jan-Filipp Qbame ən yaxşı halda "Volfsburq"a qarşı çıxış edə biləcək. Baş məşqçi bu futbolçuya bəzi oyunlarda yarımmüdafiə mövqeyini də həvalə edir. Zədəli kapitan Niko Bunqert isə "Qəbələ" ilə oyunda ehtiyat oyunçular skamyasında əyləşə bilər. Ştefan Bell və Aleksandr Hak isə zədəli müdafiəçiləri əvəzləyə biləcək futbolçular siyahısındadır.

"Maynts"da müdafiəçilərdən əlavə, müdafiəyəmeyilli yarımmüdafiəçilər də zədəlidir. Baş məşqçi Martin Şmidt bu mövqedə Denni Latzanın xidmətindən yararlana bilməyəcək. O da uzun müddət yaşıl meydanlarda olmayacaq. Xose Rodriges Bundesliqada 3 həftə buraxmalı olacaqsa, Suat Serdar əzələsindəki zədə sağaldıqdan sonra komandasına kömək edə biləcək. Komandanın digər yarımmüdafiəçisi Fabian Frey isə 90 dəqiqə oynamaq gücündə deyil.

Bu mövqelərdə çıxış edən futbolçuların zədələnməsini baş məşqçi Şmidt belə izah edib: "Müdafiə və dayaq yarımmüdafiəçisi mövqeləri çoxlu yüklənmə tələb edir. Hansı ki, bu mövqelərdə daha çox topla oynayırıq. Hər bir hücumu dəf etmək məcburiyyətində olursan və həmişə hücuma çıxmalısan. Hər oyunda bu futbolçular 12 km məsafə qət etməlidirlər".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" oyunu saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi