Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan "Qəbələ" komandası Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb. "Report"un məlumatına görə, rəqib Kipr "Apollon"u olub.
Larnaka şəhərindəki Antonis Papadopulos" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 14-cü dəqiqədə Georgios Kolokudias açıb. Rəqibinə qarşı inamlı çıxış etməsinə baxmayaraq, "Qəbələ" çoxsaylı qol imkanlarından uzun müddət yararlana bilməyib. Yalnız ikinci hissəyə əlavə olunan dəqiqələrdə qonaqlar istəyinə çatıb. "Apollon"un futbolçusunun kobud oyunu səbəbindən ukraynalı baş hakim Sergey Boyko penalti təyin edib. Bu zaman meydan sahibləri və azarkeşləri qərara uzun müddət etiraz edib. Hətta meydana kənar əşyalar atılıb.
Lakin qərar dəyişməyib. Penaltini dəqiq yerinə yetirən Cavid Hüseynov oyunun yekun nəticəsini təyin edib.
Qeyd edək ki, cavab görüşü avqustun 6-da Bakıdakı "Bakcell Arena"da keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.