Bakı. 24 iyul. REPORT.AZ/ “Qəbələ”nin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Report" xəbər verir ki, buna ikinci təsnifat mərhələsinin Litvada keçirilən “Trakai” (Litva) – “Apollon” (Kipr) oyunu aydınlıq gətirib. Rəqibini doğma Limasolda deyil, Larnakada qəbul edən “Apollon” ilk oyunda 4:0 hesabı ilə qalib gəlib.
Kiprlilər səfərdə qolsuz heç-heçə ilə kifayətlənərək, “Qəbələ”yə rəqib olub.
Portuqaliyalı baş məşqçi Pedro Emmanuelin çalışdırdığı komanda ilə ilk oyununu “qırmızı-qaralar” səfərdə keçirəcək. Bu matç iyulun 30-da baş tutacaq. Avqustun 6-dakı cavab oyununda meydan sahibi isə “Qəbələ” olacaq.