​"Qarabağ"ın vitse-prezidenti Nyon şəhərində UEFA rəsmisi ilə görüşüb

​"Qarabağ"ın vitse-prezidenti Nyon şəhərində UEFA rəsmisi ilə görüşüb Marçetti baş verənlərlə əlaqədar UEFA-nın müvafiq qurumlarının iclasında baxılacağını bildirib
Futbol
20 Dekabr , 2014 09:39
​Qarabağın vitse-prezidenti Nyon şəhərində UEFA rəsmisi ilə görüşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə görüşüb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən görüş 1 saat davam edib.

T.Gözəl UEFA məmuruna "Qarabağ" klubu haqqında məlumat verib. "Qarabağ"ın Azərbaycanın eyniadlı bölgəsini təmsil etdiyini vurğulayan klub rəsmisi bu komandanın bütün Azərbaycan üçün özəl anlayış olduğunu və 1 milyon məcburi köçkünü təmsil etməsini ifadə edib. Vitse-prezident ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib olduğunu vurğulayan T.Gözəl İtaliya "İnter"i ilə son oyunda baş verən hakim haqsızlığı olayına toxunub. Baş verən haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqlarının tapdalanması kimi dəyərləndirib. O, UEFA-nın məsələ ilə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

C.Marçetti isə öz növbəsində baş verənlərlə əlaqədar məsələlərə UEFA-nın müvafiq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların 2015-ci il fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyən UEFA rəsmisi hakimin xətası təsdiqlənəcəyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, UEFA tərəfindən hakimlərin fəaliyyətinə ciddi nəzarət olunur və qurum hakimlik məsələsinə çox həssas yanaşır. UEFA rəsmisi keçiriləcək iclasda alınacaq qərarın "Qarabağ"ı qane etməyəcəyi təqdirdə yenidən etiraz hüququnun olduğunu bildirib. Onun sözlərinə görə, alınacaq qərar "Qarabağ"ı qane etməsə, UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanı olacaq.

"Qarabağ"ın uğurlu çıxışını təqdir edən Marçetti, həmçinin bu komandanın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib.

Ən sonda "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək Ağdam klubuna uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi