"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib

"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib Ağdam komandası "Sumqayıt"a məğlubiyyətdən çətinliklə qurtulub
Futbol
16 Dekabr , 2015 18:40
Qarabağ Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib

Bakı. 16 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" ardıcıl ikinci matçını qələbəsiz başa vurub. "Report"un məlumatına görə, baş məşqçi Qurban Qurbanovun komandası XVII turun qarşılaşmasında evdə "Sumqayıt"ı məğlub edə bilməyib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilmiş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar 7-ci dəqiqədə Amil Yunanov, 53-cü dəqiqədə isə Mikayıl Rəhimovun qolları ilə hesabda önə keçiblər - 2:0. Lakin 57-ci dəqiqədə Riçard Almeyda penalti ilə fərqi azaldıb, 57-ci dəqiqədə isə Dani bərabərlik qolunu vurub.

"Qarabağ" qələbə topuna da imza atmaq istərkən azlıqda qalıb. 90+1-ci dəqiqədə Raydell Pupon ikinci sarı vərəqənin ardından meydanı tərk etməli olub. Beləliklə, "Qarabağ" ilk dövrədə 0:1 hesabı ilə uduzduğu "Sumqayıt"a yenə qalib gələ bilməyib. Ardıcıl 2 oyunda xal itkisinə rəğmən, "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. Xallarını 17-yə çatdıran "Sumqayıt" isə 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun ilk matçında "İnter" səfərdə "Rəvan"ı məğlub edib. Hazırda davam edən matçda "Qəbələ" səfərdə "Zirə"ni məğlub edə bilsə, "Qarabağ"la xal fərqini 7-yə endirəcək. Tura dekabrın 17-də keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.  

Son xəbərlər

Orphus sistemi