​Premyer Liqa: "Zirə" və "Xəzər Lənkəran" qələbə qazanıb

​Premyer Liqa: "Zirə" və "Xəzər Lənkəran" qələbə qazanıb "Neftçi" çempionata qayıdan "Kəpəz"in müqavimətini qıra bilməyib
Futbol
9 Avqust , 2015 22:59
​Premyer Liqa: Zirə və Xəzər Lənkəran qələbə qazanıb

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümü start götürüb.

"Report"un məlumatına görə, mövsümün ilk oyun günündə 3 qarşılaşma baş tutub.

"Neftçi" klubunun Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun vəfatı ilə əlaqədar bütün görüşlər bir dəqiqəlik sükutla başlayıb.

Bakı təmsilçisi "Neftçi" doğma azarkeşlər önündə Gəncənin "Kəpəz" klubunu qəbul edib. "Bakcell Arena"da baş tutan görüşdə azarkeşlər maraqlı görüşün şahidi olublar. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə də azarkeşlər qolun şahidi olmayıblar. 90 dəqiqənin sonunda tərəflər bir xalla kifayətlənib.

"Xəzər Lənkəran" Lənkəran şəhər stadionunda paytaxtın "İnter" komandası ilə üz-üzə gəlib. Hesabı ilk dəqiqələrdən meydan sahibləri açıb. Elnur Cəfərov matçın 7-ci dəqiqəsində adını tabloya yazdırıb. 31-ci dəqiqədə isə Rahid Əmirquliyev hesab arasındakı fərqi artırıb - 2:0. Matçın ilk hissəsi bu hesabla başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə tərəflər qapılara yol tapa bilməyiblər. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqanın yeni iştirakçısı "Zirə" isə elitadakı ilk görüşünü AZAL-a qarşı keçirib. Debütant komanda oyunun 6-cı dəqiqəsində hesabı açmağa müvəffəq olub. Viktor İqbekoyi rəqib qapıçını məyus edib. Fasiləyə meydan sahibləri üstün tərəf olaraq yollanıb. İkinci 45 dəqiqədə rəqib komandalar qapılara yol tapmağa çalışsalar da, cəhdləri boşa çıxıb. Matçın yekununda debütant "Zirə" mövsümün ilk turunda aktivinə 3 xal yazdırıb. "Təyyarəçilər" açılış turunu xalsız başa vurub.

Qeyd edək ki, turun qalan iki görüşü - "Qəbələ" - "Qarabağ" və "Rəvan" - "Sumqayıt" sabah keçiriləcək. Hər iki qarşılaşma saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi