Peşəkar Futbol Liqasının keçirdiyi bütün oyunlarda 1 dəqiqəlik sükut elan olunub

Peşəkar Futbol Liqasının keçirdiyi bütün oyunlarda 1 dəqiqəlik sükut elan olunub Binəqədidəki yanğında həlak olanların və Əhməd Ələsgərovun xatirəsi yad ediləcək
Futbol
21 May , 2015 11:01
Peşəkar Futbol Liqasının keçirdiyi bütün oyunlarda 1 dəqiqəlik sükut elan olunub

Bakı. 21 may. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi bütün yarışlarda Bakının Binəqədi qəsəbəsindəki yanğında həlak olanların və Azərbaycanın əfsanəvi baş məşqçisi Əhməd Ələsgərovun xatirəsi anılacaq. Bu barədə "Report"a Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bu gün əvəzedicilərin yarışında, 22-23 mayda isə Azərbaycan Premyer Liqası və I divizionda bütün oyunlar öncəsi 1 dəqiqəlik sükut elan olunacaq. Z.Hüseynov bildirib ki, komandalara meydana qara sarğı ilə çıxmaları da təklif olunub.  

PFL rəsmisi mayın 22-də "Qarabağ" - "İnter" matçından sonra təşkil olunacaq mükafatlandırma mərasiminin təmtəraqlı olmayacağına da işarə vurub: "Bu barədə qərar yaxın saatlarda veriləcək. Amma inanmıram ki, "Qarabağ"a qızıl, "İnter"ə isə gümüş medallar təmtəraqlı şəkildə təqdim edilsin". 

Qeyd edək ki, mayın 19-da Binəqədidəki yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb. Həmin gün "Neftçi"yə SSRİ çempionatları tarixində baş məşqçi kimi yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərov Ukraynanın Odessa şəhərində vəfat edib. 

Son xəbərlər

Orphus sistemi