Niyaməddin Paşayev: "Həmin gün Radik İsayevin günü idi" - MÜSAHİBƏ

Niyaməddin Paşayev: "Həmin gün Radik İsayevin günü idi" - MÜSAHİBƏ "Düşünürdüm ki, bu dəfə də medal qazanmasaq, heç vaxt taekvondoda qalib ola bilməyəcəyik"
Futbol
24 Avqust , 2016 12:42
Niyaməddin Paşayev: Həmin gün Radik İsayevin günü idi - MÜSAHİBƏ

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin "Report"a müsahibəsi

- "Rio-2016"nı Azərbaycan idmançıları və taekvondoçular üçün necə dəyərləndirisiniz?

- İlk olaraq, medal qazanan bütün idmançıları təbrik edirəm. Hər kəs uğur qazanmaq üçün əlindən gələni edirdi. Lakin hamı uğur qazana bilməz. Biz 4 taekvondoçu ilə olimpiadaya qatıldıq. Federasiyamızın idmançıları Azərbaycanı çox yüksək səviyyədə təmsil etdilər. İlk olaraq, Patimat Abakarova bizə bürünc medal qazandırdı. Təssüf ki, daha sonra Milad Beigi Harçeqani kiçik səhv ucbatından finala çıxa bilmədi. Son gün Radik İsayev Azərbaycanın dəstəyi ilə finalda qalib gəldi və qızıl medal qazandı. Bununla da Rio-de-Janeyroda Azərbaycanın himni səsləndi. 

- Sizcə, 56 idmançının 18 medal qazanması yaxşı göstəricidir?

- "London-2012"də 10 medal qazanmışdıq. Amma bu dəfə say 18 oldu. Qalib gələnlər də, məğlub olanlar da ölkəmizi yüksək səviyyədə təmsil etdilər. Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət-qayğı və yaratdığı şəraitin nəticəsində idmançılarımız yüksək səviyyədə çıxış etdi və bu nailiyyətləri qazandı.

- Taekvondoda qızıl medal gözləyirdiniz, yoxsa sürpriz oldu?

- İlk dəfə tam heyətlə - 4 idmançı ilə təmsil olunduq. Səfərə yollanmamışdan qabaq bir fikir bildirmişdim. Son 3 olimpiadada məğlub olurduq. Düşünürdüm ki, bu dəfə də medal qazanmasaq, heç vaxt taekvondoda qalib ola bilməyəcəyik. Çünki bu yarışda iştirak edən idmançılarımız medallara layiq idi.

- İsayev düzgün taktika qurmuşdu. Çox səbrli, asta və lazım olan anlarda rəqibə zərbə endirirdi...

- Bir məqamı qeyd etmək istəyirəm. Yarışdan bir gün əvvəl Olimpiya Kəndinə psixoloq gəlmişdi. Bütün idmançılarla görüşmək, söhbət etmək istəyirdi. Radiki də çağırdılar ki, gəl, sən də psixoloqla söhbət et. Ancaq o, olimpiadaya yüksək səviyyədə hazırlaşdığını bildirdi. Həm fiziki, həm də psixoloji hazır olduğunu, döyüşdə nə lazım olarsa, edəcəyini bildirdi. Radik iki ildir baş məşqçi Rza Mehmandustla birgə hazırlaşırdı. Bu, ikisinin birgə qurduğu taktika idi. Deyirlər Olimpiya çempionunun günü olur. Həmin gün də Radik İsayevin günü idi.

- Qarşıdan IV İslam Həmrəyliyi Oyunları gəlir. Hazırlıqlara nə vaxtdan start verəcəksiniz və planda nələr var?

- I Avropa Oyunlarından sonra olimpiadanın hazırlığına start verdik. İndi də idmançılar və məşqçilərimizlə birgə müəyyən müddətlik istirahətdən sonra komanda öz işinə başlayacaq.

- Federasiyanın olimpiadanın qızıl medalçısı Radik İsayevə mükafatı nə olacaq?

- Federasiya prezidenti Kəmaləddin Heydərov Radikin çıxışlarını izləyir və onunla tez-tez danışırdı. Ölkə Prezidenti də Radik İsayevi qızıl medal münasibətilə təbrik edib. Federasiyanın verəcəyi mükafat sırf Kəmaləddin müəllimin şəxsi qərarıdır.

Son xəbərlər

Orphus sistemi