​"Neftçi"nin bombardiri: "Vəli Qasımov komanda ilə ümumi dil tapa bildi" - MÜSAHİBƏ

​"Neftçi"nin bombardiri: "Vəli Qasımov komanda ilə ümumi dil tapa bildi" - MÜSAHİBƏ "Fərqli taktika ilə oynamağa başladıqdan sonra hər şey yaxşılığa doğru getdi"
Futbol
16 May , 2016 01:51
​Neftçinin bombardiri: Vəli Qasımov komanda ilə ümumi dil tapa bildi - MÜSAHİBƏ

Bakı. 16 may. REPORT.AZ/ "Baş məşqçimiz Vəli Qasımov bizimlə ümumi dil tapa bildi. Fərqli taktika ilə oynamağa başladıqdan sonra hər şey yaxşılığa doğru getdi. Yəqin ki, Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ"ni üstələdikdən sonra komandamız öz gücünə inandı. Bu, dönüş anı və son 3 qələbəmizin səbəbkarıdır".

Bu sözləri "Report"a müsahibəsində "Neftçi"nin futbolçusu Ruslan Qurbanov deyib.

Futbolçunun müsahibəsini təqdim edirik.

"İnter"i 4:2 hesabı ilə yendiyiniz oyunla bağlı fikirləriniz necədir?

- Oyun çox yaxşı alındı. Ən əsası, vacib 3 xal qazandıq. Hətta deyərdim ki, bu xallar bizim üçün hava-su kimi idi. Oyuna çox pis başladıq. Lakin sonradan dönüş yarada bildik. Əlbəttə, təkcə mən yox, bütün komanda, rəhbərlik qazandığımız xala çox sevinir.

22-ci dəqiqədə penaltini yerinə yetirə bilməməyiniz nə ilə əlaqədar idi?

- Lomaya yaxşı qapıçı olduğunu isbatladı. Əbəs yerə deyil ki, Rusiya Premyer Liqasında Moskva "Spartak"ı kimi komandada çıxış edib. Onu məğlub edə bilmirəm. Lomaya "Sumqayıt"la görüşdə də penaltini qaytardı. Adətən, penaltini vurarkən, qapıçıya baxıram. Amma bu gün son anda ona yox, topa baxdım. Nəticədə səhv buraxdım və zərbəm dəqiq olmadı. Amma əsası odur ki, 5 dəqiqə sonra qol vura bildim.

Sonuncu turda "Neftçi"ni "Sumqayıt"la səfər oyunu gözləyir. Qarşıdakı matçda müdafiə futbolu oynayacaqsınız, yoxsa...?

- Xeyr, yenə qələbə uğrunda mübarizə aparacağıq. Nəyə görə heç-heçə bizi qane etməlidir?

Avropa Liqasına vəsiqəni "Qarabağ"la final matçından öncə təmin etmək üçün...

- Əlbəttə, bunun üçün bizə heç-heçə də kifayət edəcək. Amma unutmayaq ki, AZAL son turda "Qarabağ"la qarşılaşacaq.

Yəqin ki, "Qarabağ"ın "Rəvan"a uduzduğunu nəzərdə tutaraq, belə deyirsiniz...

- Bu, futboldur. Amma biz Sumqayıta qələbə üçün gedəcəyik. Səhv etmirəmsə, "Qarabağ" bu gün ikinci heyətlə oynamışdı. Yəqin ki, buna görə uduzub.

Ümumiyyətlə, "Neftçi"nin son zamanlar uğurlu çıxışının səbəbini nədə görürsünüz?

- Sadəcə, baş məşqçimiz Vəli Qasımov bizimlə ümumi dil tapa bildi. Fərqli taktika ilə oynamağa başladıqdan sonra hər şey yaxşılığa doğru getdi. Yəqin ki, Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ"ni üstələdikdən sonra komandamız öz gücünə inandı. Bu, dönüş anı və son 3 qələbəmizin səbəbkarıdır.

Avroliqada nəyə ümid edə bilərsiniz?

- Hələ vəsiqəni təmin etməmişik. Etsək, hamımız şad olacağıq. "Neftçi" çox şeyə nail ola bilər. Əlbəttə, heyətdə hər mövqeyə gücləndirilmə lazım gələcək. Çünki "Neftçi"də çıxış edən bütün futbolçular rəqabətin tərəfdarıdır.

Bombardirlər siyahısında Azərbaycan futbolçuları arasında ən çox qola imza atmış hücumçusunuz. 35 tura 13 qolu özünüz üçün normal hədd sayırsınız?

- Azərbaycan futbolçuları arasında birinci yerdə gedirəmsə, fikrimcə, bu, yaxşı nəticədir. Lakin mən bununla dayanmaq istəmirəm. Son niyyətim və hətta arzum bombardir olmaqdır. "Sumqayıt"la matçda bunun üçün hər şeyi edəcəyəm. Necə olacağını bilmirəm (hazırda Premyer Liqanın bombardirləri hərəyə 14 qol vuran "Zirə"nin hücumçusu Nelson Bonilya ilə "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintanadır - red.).

Son xəbərlər

Orphus sistemi