​"Neftçi" klubu "Şaxtyor"un futbolçusunu geri qaytarıb

​"Neftçi" klubu "Şaxtyor"un futbolçusunu geri qaytarıb Əsgər Abdullayev: "Akif Həsənovu oyunda görə bilmədim"
Futbol
23 Yanvar , 2016 11:25
​Neftçi klubu Şaxtyorun futbolçusunu geri qaytarıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bir neçə gündür "Neftçi"də baxışda olan Qazaxıstanın "Şaxtyor" klubunun əvəzedici komandasının futbolçusu Akif Həsənov Bakı klubunda çıxış etməyəcək.

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev "Report"a açıqlamasında deyib ki, 19 yaşlı futbolçunu izləməyə getsə də, onu oyunda görməyib: "Onun başqa klubda hansı heyətdə oynadığını bilmirəm. Bizim əvəzedicilərin oyunu var idi və həmin futbolçu da meydana çıxmalı idi. Oyunu izləməyə getdim, lakin onu meydanda görmədim. Görmədiyim futbolçu haqda da nəsə deyə bilmərəm. Təbii ki, Akif Həsənov "Neftçi"nin əsas heyətində yer almayacaq".

Ə.Abdullayev komandanın qapıçısı Miçal Peskoviçdən hələ də cavab almadıqlarını bildirib: "Özü yaxınlaşıb demişdi ki, ailə vəziyyətimlə bağlı getməliyəm. Bir-iki günə cavab verəcəyini demişdi. Hələ heç bir xəbər yoxdur".

56 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın Premyer Liqanın qalan oyunlarında "Neftçi"nin adına layiq çıxış edəcəyini deyib: "Bu gün son yoxlama görüşümüzü keçirəcəyik. "Kəpəz"lə oyunda Rəhman Hacıyev, Araz Abdullayev və Aqil Məmmədova istirahət verəcəm. Bu cür oyunlarda oyunun nəticəsi yox, futbolçuların yoxlanması önəmlidir. Gənc futbolçular var və onlar verilən şanslardan maksimum yararlanmalıdırlar. "Kəpəz"lə görüşdən sonra kimin əsas, kimin əvəzedici heyətə göndərilməsinə qərar veriləcək. Həmişə demişəm ki, "Neftçi"nin birinci olması adi haldır, amma aşağı pillələrdə olması yaxşı deyil. Komandanın əksər üzvləri gəncdir. Buna baxmayaraq, irəlidəki oyunlarda avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Neftçi" xalqın komandasıdır və bu ada uyğun çıxış etməliyik".

Son xəbərlər

Orphus sistemi